Əsgərlikdən möhlət hüququnun verilməsinin ƏHƏMİYYƏTİ

Əsgərlikdən möhlət hüququnun verilməsinin ƏHƏMİYYƏTİ

"Azərbaycanda bakalavr, magistr və doktorantlara əsgərlikdən möhlət hüququnun verilməsi onların sistemli, fasiləsiz şəkildə təhsil almasına imkan verəcək". Bu fikirləri SİA-ya açıqlamasında təhsil-eksperti Əjdər Ağayev deyib.

O bildirib ki, bununla bağlı "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanuna edilən dəyişiklik tələbələr arasında böyük ruh yüksəkliyi yaradacaq: "Artıq ölkədə təhsil alan tələbələr biləcəklər ki, onlar magistratura və doktorantura pilləsində oxumaq üçün mütləq şəkildə dərin biliklərə yiyələnməlidirlər. Onlar arasında yaranacaq rəqabət təhsil üçün faydalı olacaq".

Təhsil-ekspertinin sözlərinə görə, bu addım eyni zamanda magistr və doktorantlar üçün də əhəmiyyətli olacaq: "Onlar təhsilləri ilə yanaşı rahat şəkildə kəşf və ixtiralarını da davam etdirə biləcəklər. Bundan sonra onlar hərbi xidmətə çağırılarkən artıq bir mütəxəssis kimi fəaliyyət göstərə biləcəklər".

Sözügedən dəyişikliyin bütövlükdə həm təhsil, həm də elmin inkişafı üçün böyük əhəmiyyətə malik olduğunu dilə gətirən Ə. Ağayev qeyd edib ki, bu qərar gənclərin mükəmməl biliyə yiyələnməsində vasitə olacaq: "Amma qərarın qorxulu tərəfi də var. Belə ki, hərbi xidmətdən yayınmaq istəyənlər istedadlı gənclərin yerini doldura bilər. Ola bilər ki, tələbə bu pillələri qazanır, amma heç bir elmi nailiyyət, elmi kəşf etməməklə yanaşı, digər istedadlı tələbənin yerini tutmuş olur. Bu baxımdan qanunda bu məsələnin də yer almasını istərdim. Elmin qazanması birdən-birə həyata keçirilmir. Təbii ki, 50-100 nəfərin arasından çıxan bir neçə tələbə yüksək ixtisaslı kəşflərə imza ata biləcək ki, bu da elmin qazancı olacaq. Qanuna edilən dəyişiklik bu baxımdan da faydalı olacaq".

Ekspert əlavə edib ki, "Azərbaycanda magistr və doktorantlara əsgərlikdən möhlət hüququnun verilməsi həmin şəxslərin əsgərlikdən azad olunması anlamına gəlməməlidir: "Azərbaycanda hərbi xidmətə çağırış 35 yaşına qədər həyata keçirilir. Düşünürəm ki, bu tələbələr bu müddət ərzində təhsilini, elmi kəşfini tamamlayıb, əsgəri xidmətə gedə bilər və orada elmi cəhətdən faydalı ola bilərlər".

Qeyd edək ki, "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanuna edilən dəyişikliyə əsasən bundan sonra Azərbaycanda əyani təhsilalma formasında magistraturada, doktoranturada, xarici ölkələrin təhsil müəssisələrində əyani təhsilalma formasında ali təhsil pilləsinin magistratura və doktorantura səviyyələrində təhsil alanlara müvafiq təhsilini bitirənədək hərbi xidmətə çağırışdan möhlət veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə