Bu gün "Son zəngdir"

Bu gün Azərbaycanda 2015/2016-cı dərs ili başa çatır və bütün ümumi təhsil müəssisələrində "Son zəng" çalınır. Təhsil Nazirliyindən SIA-ya verilən xəbərə görə, cari tədris ilində ümumi təhsil müəssisələrinin IX siniflərini 110 222, XI siniflərini 88 591, XII sinifləri isə 856 şagird bitirir. Növbəti 2016/2017-cı dərs ilində isə orta məktəblərin I siniflərinə 164033 şagirdin qəbul olunacağı proqnozlaşdırılır.

Təhsil naziri Mikayıl Cabbarov "Son zəng" tədbirlərinin keçirilməsi barədə əmr imzalayıb. Əmrə əsasən "Son zəng" tədbiri iyunun 14-də yalnız müəssisənin ərazisində təşkil olunur.

Qeyd edək ki, bu ildən Azərbaycanın məktəblərində "Son zəng" mayın 31-də deyil, iyunun 14-də təşkil olunur. Nazirlər Kabinetinin 2014-cü il 30 oktyabr tarixli 362 nömrəli qərarı ilə "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"ndə edilmiş dəyişikliyə əsasən, 2015/2016-cı dərs ilindən ümumtəhsil məktəblərində dərs məşğələləri sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır.

Bütün xəbərlər Facebook səhifəmizdə