Bu yaxınlarda Azərbaycan Dillər Universitetinin (ADU) Fransız və italyan dillərinin tərcüməsi kafedrasının baş müəllimi Dilşad Pənahova Yıldız Texniki Universiteti, İtaliyanın İstanbuldakı Baş Konsulluğu, İtaliyanın İstanbuldakı Mədəniyyət Mərkəzi (Istituto Italiano di Cultura) və İstanbul İtalyan Liseyinin təşkilatçılığı, həmçinin İtaliyanın Edilingua nəşriyyat evinin dəstəyi ilə "İtalyan dilinin tədrisi və dilçiliyi" adlı Birinci Beynəlxalq Konfransda (1° Convegno Internazionale di Linguistica e Glottodidattica Italiana) iştirak edib. O, konfransda "İtalyan dilinin Azərbaycanda tədris edilməsində katolik realilərin əhəmiyyəti" adlı tezis ilə çıxış edib.
Konfrans çərçivəsində Venesiyanın Ka Foskari Universitetinin Müqayisəli Dilçilik və Mədəniyyət Kafedrasının müdiri, məşhur dilçi alim Paolo Balboninin, italyan dilinin tədrisi sahəsində beynəlxalq səviyyədə aparıcı rol oynayan İTALS laboratoriyasının müdiri professor Qratsiano Serragottonun master klass təqdimatları həyata keçirilib. Həmçinin İsveç Krallığının nüfuzlu Lund Universitetinin professoru Verner Egerlandın, Niderland Krallığının Utrext Universitetinin professoru Raniero Spilmanın, eyni zamanda digər alim və doktorantların çıxışları dinlənilib. Konfransda çıxış edənlər Türkiyə, İtaliya, Yaponiya, Rusiya, Monteneqro, Macarıstan, İsveçrə olmaqla müxtəlif ölkələri təmsil ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB