Tələbələrə veriləcək güzəştli kreditin ŞƏRTLƏRİ

Tələbələrə veriləcək güzəştli kreditin ŞƏRTLƏRİ

"Bu gündən Azərbaycanda aztəminatlı ailələrdən olan tələbələrə kreditlərin verilməsinə başlanılıb". SİA-nın xəbərinə görə, bu barədə Maarifçi Tələbə Kredit Fondunun (MTKF) icraçı direktoru Rüfət Mahmud Fondunun fəaliyyətə başlamasına və qurumun saytının istifadəyə verilməsinə həsr olunmuş media-brifinqdə məlumat verib.

Onun sözlərinə görə, artıq tələbələr 6 - 15 iyun tarixlərində fonda müraciət etməklə kredit əldə edə bilərlər: "Fondun maliyyə imkanlarından istifadə etmək üçün tələbələrə ümumi tələblər qoyulub. Belə ki, onlar Azərbaycanın vətəndaşı olmalı, təsisçi olan ali məktəblərdən birində təhsil almalı, təhsilinin davam etdirilməsi üçün maliyyə yardımına həqiqi ehtiyacı olmalı, valideynlərin və özünün daha əvvəl aldığı kreditlər üzrə defolt hadisələr baş verməməlidir. Burada bəzi xüsusi şərtlər də var və onlar hər il yenilənə bilər. Kreditlər verilərkən valideynlərin illik gəlir xərclərinin 10 min manatdan artıq olması, tələbələrin yaşının 25-dən yuxarı olmaması, eləcə də bu il üçün yalnız bakalavr pilləsində təhsil alması əsas götürüləcək. Tələbənin ümumi orta müvəffəqiyyət balı 71 baldan yuxarı olmalıdır. Əgər tələbənin növbəti illərdə göstəriciləri aşağı olacaqsa, o zaman onlara kredit verilməyəcək".

Fondun icraçı direktoru söyləyib ki, bir tələbə 1 il üçün maksimum 4 000 manat məbləğində şərti qaydada kredit ala bilər: "Pul tələbəyə deyil, birbaşa ali məktəbə ödənilir. Tələbələr üçün standart və güzəştli paketlər olacaq. Standrat paketlərdə 8%-lik, güzəştli paketlərdə isə 6%-lik kredit dərəcəsi müəyyənləşdirilib. Sağlamlıq imkanı məhdud olan, ailə başçısını itirmiş tələbələr güzəştli paketdən yararlana bilənəcəklər. kreditlərdən I kurs tələbələri yararlana bilməyəcəklər. Çünki onların il ərzində heç bir akademik göstəricisi qiymətləndirilməyib. Tələbələr II kursdan kredit üçün müraciət edə bilərlər. Əgər tələbə nəzərdə tutulmuş müddətdə krediti qaytarmasa, fond bu məsələ ilə əlaqədar məhkəməyə müraciət edə bilər".

R. Mahmud qeyd edib ki, hazırda Azərbaycan Dövlət İqtisad Universitetində təhsil kreditlərinin verilməsi üçün nəzərdə tutulan tələbə sayı 70 nəfərdir: "Ümumilikdə isə Fondun yaradılmasında təsisatçı qismində iştirak edən 10 universitetdən 350-400 tələbə bu kreditlərdən yararlana biləcək. Hər il bu rəqəm dəyişəcək. Tələbə universiteti bitirəndən sonra onlara 1 il də güzəşt veriləcək. Növbəti ildən isə 10 il müddətində krediti qaytarmalı olacaqlar. Əgər oğlanlarda əsgərlik müddəti olarsa, o zaman kreditin vaxtı 1 il də artırılacaq. Fondun maliyyə əməliyyatlarını həyata keçirən agent bank "Kapital Bank" seçilib. Gələcəkdə digər banklarla da əməliyyatı aparmaq mümkün olacaq. Tələbə üçün rahat şəkildə krediti qaytarma müddətində mexanizmlər işlək vəziyyətdə olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə