Təhsil haqqını ödəməkdə çətinlik çəkən aztəminatlı ailələrə uzunmüddətli güzəştli kreditlər veriləcək. SİA-nın xəbərinə görə, bu barədə Maarifçi Tələbə Kredit Fondunun fəaliyyətə başlamasına və qurumun saytının istifadəyə verilməsinə həsr olunmuş media-brifinqdə fondun icraçı direktoru Rüfət Mahmud məlumat verib. O bildirib ki, Təhsil Nazirliyinin təşəbbüsü ilə yaradılmış Maarifçi Tələbə Kredit Fondu dövlət ali təhsil müəssisələri–Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Bakı Dövlət Universiteti, Bakı Slavyan Universiteti, Gəncə Dövlət Universiteti və Sumqayıt Dövlət Universiteti tərəfindən təsis olunub: "Fondun əsas missiyası təhsil haqqını ödəməkdə çətinlik çəkən aztəminatlı ailələrdən olan tələbələrə uzunmüddətli güzəştli kreditlər verilməsi vasitəsilə onlara ali təhsil almaqda bərabər imkanların yaradılmasıdır. Kreditlər üçün müraciət edən tələbələr müəyyən ümumi tələblərə cavab verməlidirlər. Belə ki, fonda Azərbaycan Respublikasının vətəndaşı olan, müvafiq təsisçi universitetlərin birində təhsil alan və təhsilini davam etdirmək üçün maliyyə yardımına ehtiyac duyan tələbələr müraciət edə bilərlər". Tədbirin davamında fondun yenicə istifadəyə verilmiş rəsmi veb səhifəsi (www.maarifci.az) barədə söhbət açılıb.
Bildirilib ki, portalda fondun missiyası, fəaliyyəti, təqdim olunan kredit növləri və onların şərtləri barədə ətraflı məlumatlar yerləşdirilib. Bundan əlavə, portalda elektron (onlayn) müraciət pəncərəsi yaradılıb ki, bu da kreditlər üçün müraciət prosesində şəffaflıq və operativliyin təmin olunması məqsədlərinə xidmət edir. Müraciət prosesi, uyğunluq meyarları və tələb olunan sənədlərin siyahısı haqqında məlumatları da portalın müvafiq səhifələrindən rahatlıqla tapmaq mümkündür. Sonda media nümayəndələrini maraqlandıran çoxsaylı suallar cavablandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB