Universitetlərə tədqiqat statusu verilməsinin müsbət tərəfləri

Universitetlərə tədqiqat statusu verilməsinin müsbət tərəfləri

"Azərbaycanda universitetlərin statusuna yenidən baxılmalıdır". Bunu SİA-ya açıqlamasında təhsil eksperti Şahlar Əsgərov deyib.

O bildirib ki, universitetlərə yeni statusun verilməsi müəllimlərin sosial vəziyyətinin daha da yaxşılaşdırmasına, eləcə də gənclərin elmə marağının artmasına səbəb ola bilər.

Ş. Əsgərov Azərbaycanda ali təhsil müəssisələrinə tədqiqat universitetləri statusunun verilməsi haqqında da fikirlərini bildirib.

Onun sözlərinə görə, ali məktəblərə tədqiqat statusunun verilməsi ölkə təhsilinin inkişafında mühüm ideyadır: "Lakin bunun həyata keçirilməsi maddiyyat tələb edir. Ya həmin universitetlərdə çalışan elmi tədqiqatçıların maaşı artmalı, ya da bu işlərin aparılması üçün büdcədən əlavə pul ayrılmalıdır. Sözügedən ideya həyata keçərsə, bu, Azərbaycan təhsili üçün daha böyük inkişaf ola bilər".

Ekspertin fikrincə, Azərbaycanda universitetlərə tədqiqat statusunun verilməsində digər ölkələrin təcrübəsindən istifadə etmək olar: "Rusiyada minə yaxın ali məktəb var ki, onlardan 30-u milli tədqiqat universiteti statusuna malikdir. Təqribən 4 il bundan öncə iki rus alimi Nobel mükafatı almışdı. Lakin onlardan biri Hollandiya, digəri isə İngiltərə üçün çalışırdı. Rusiya alimlərinin xaricdə deyil, ölkəsində çalışması üçün universitetlərinə tədqiqat statusunun verilməsi ilə bağlı qərar qəbul etdi və rus alimləri böyük maaş müqabilində öz ali təhsil müəssiələrində çalışmağa başladılar".

Bu cür ali təhsil müəssisələrinin digərlərindən fərqinə gəlincə, Ş.Əsgərov qeyd edib ki, belə universitetlərdə çalışan alimlərin elmi tədqiqat işlər pedoqoji fəaliyyətdən daha çox olur: "Belə təhsil müəssisələrində çalışan alimlər aspirantlara, magistrlara rəhbərlik edir, yalnız bəzi qruplarda mühazirə oxuyurlar. Onlar məşğələ, seminar kimi dərslərlə məşğul olmurlar. Bundan əlavə belə universitetlərdə çalışan alimlərin maaşı digərlərindən fərqlənir".

Xatırladaq ki, təhsil nazirinin müavini Ceyhun Bayramov açıqlamasında bildirmişdi ki, yaxın gələcəkdə Azərbaycanda aparıcı ali təhsil müəssisələrinə tədqiqat universitetləri statusunun verilməsi nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə