Doktorantların və gənc tədqiqatçıların elmi konfransı keçirilir

Doktorantların və gənc tədqiqatçıların elmi konfransı keçirilir

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Təhsil Nazirliyinin təşkilatçılığı ilə doktorantların və gənc tədqiqatçıların XX Respublika elmi konfransının açılış mərasimi keçirilib. SİA-nın xəbərinə görə, mərasimdə Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı, təhsil nazirinin müavini Ceyhun Bayramov, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov akademiklər, ali təhsil müəssisələrinin rəhbərləri, doktorantlar və gənc tədqiqatçılar iştirak ediblər.

Tədbiri açıq elan edən universitetin rektoru Mustafa Babanlı bildirib ki, hər il ənənəvi olaraq təşkil edilən konfrans bu dəfə Azərbaycanda "Multikulturalizm ili"nə həsr olunub: "Konfrans XX olmasına baxmayaraq ilk dəfədir ki, məhz ADNSU-da keçirilir. İki gün davam edəcək kоnfransa 20 ali təhsil müəssisəsindən və AMEA-dan 650 tezis təqdim olunub. Doktorantların və gənc tədqiqatçıların məruzələrinin dinlənilməsi və müzakirəsi üçün tanınmış alimlərin rəhbərliyi ilə 17 bölmə, o cümlədən multikulturalizm bölməsi yaradılıb. Konfransın materialları ADNSU tərəfindən nəşr olunaraq iştirakçıların istifadəsinə veriləcək".

Tədbirdə çıxış edən təhsil nazirinin müavini Ceyhun Bayramov bildirib ki, konfrans gənclərə Azərbaycanın davamlı inkişafinı təmin edən elmi baxışlarını, yaratdıqları yeni nəzəriyyə və texnologiyalar haqqında fikirlərini bölüşmələrinə imkan verir: "Müasir cəmiyyətdə siyasi, iqtisadi və informasiya sahələrində rəqabət güclənir. Təbii resursların kəskin azaldığı və ekoloji balansın pozulduğu bir dövrdə elm və təhsilin rolu sürətlə artır".

C.Bayramov qeyd edib ki, təhsil sahəsində aparılan islahatlar yeni düşüncəli və geniş dünyagörüşlü gənclərin hazırlanması məqsədlərinə yönəlib: "Təhsilalanların tədqiqat aparması, yeni informasiya texnologiyalarından istifadə etməsi və xarici dilləri öyrənməsi üçün geniş imkanlar yaradılıb. Ali təhsil müəssisələrində çalışan elmi-pedaqoji kadrların orta yaş göstəricilərinin yüksək olması gənc elmi kadrların hazırlanmasını qarşıda duran əsas vəzifələrdən biri kimi aktuallaşdırır.

Daha sonra BDU-nun rektoru Abel Məhərrəmov çıxış edib. Müasir cəmiyyətdə siyasi, iqtisadi və informasiya sahələrində rəqabətin gücləndiyini nəzərə çatdıran rektor qeyd edib ki, təbii resursların kəskin azaldığı və ekoloji balansın pozulduğu bir dövrdə elm və təhsilin rolunun sürətlə artdığını söyləyib.

Sonra çıxış edənlər gənclərin elmi tədqiqatlara cəlb olunmasının vacibliyini söyləyib, son illərdə bu istiqamətdə atılan addımların təqdirəlayiq olduğunu bildiriblər.

Plenar iclasdan sonra konfrans öz işini bölmələrdə davam etdirib.

Bütün xəbərlər Facebook səhifəmizdə