Bu gün Milli məclisdə "Elm haqqında" qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb. SİA-nın xəbərinə görə, layihə haqqında məlumat verən Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli bildirib ki, "Təhsil haqqında" Qanun qəbul edildikdən sonra "Elm haqqında" qanunun hazırlanmasına start verilib. "Bu müddət ərzində təcrübələr öyrənilib. Nəhayət 2013-2014-cü illərdə cəmiyyətin müxtəlif qurumlarında müzakirə olunub, 2015-ci ilə Milli Məclisin iclasında I oxunuşa çıxarılıb. Lakin "Elm haqqında" qanun layihəsinin hazırlanması və müzakirələrdən keçən dövr ərzində elmdə baş verən dəyişikliklər layihənin yenidən baxılması və dəyişdirilməsi zərurətini ortaya çıxarıb. Qanun daha da təkmillləşdirilib. Ölkəmizdə elm yönümlü sənədlərin, qəbul edilmiş qərarların da layihəyə yenidən baxılması zərurətini aktuallaşdırır. Bütün bunlara görə qanun layihəsi komitə daxilində mütəxxəsislər tərəfindən oxunub, müzakirə olunduqdan sonra sizin müzakirənizə təqdim edilib. "Elm haqqında" qanun layihəsinin elm siyasəti önə çəkilərək ideloji bazanın daha da möhkəmləndirilməsinə fikir verilib. Məntiqdə Azərbaycançılıq məfkurəsi, idelogiyasının elmi şəkildə öyrənilməsi öz əksini tapıb".
Deputat qeyd edib ki, qanun layihəsinin strukturunda təkmilləşmə zamanı bəzi dəyişiklərin aparılması zəruri olub, bəzi maddələr tamamilə çıxarılıb, bəziləri birləşdirilib. O qeyd edib ki, I oxunuşda 8 fəsil 45 maddə qəbul edilən qanun layihəsi 7 fəsil 41 maddə ilə ikinci oxunuşa çıxarılıb: "Qanuna innovasiya və sahibkarlıq fəaliyyəti haqqında ayrıca maddə də əlavə edilib. Bu son illərdə aparılan islahatların elmdəki əks-sədasından doğan reallıqları əhatə edən maddədir. "Elm haqqında" qanun çərçivə qanunudur, gələcəkdə elmdə innovasiya və sahibkarlıq haqqında qanun hazırlana bilər. Fəlsəfə və elmlər doktorlarının elmi adı var, eyni zamanda professor və akademiklər alim kimi qeyd edilir. Amma akademiyanın həqiqi və müxbir üzvlərinin adlandırılması yox idi. Akademiyanın həqiqi və müxbiri üzvlərinin elmi rütbə adlandırılması məqsədə uyğun hesab edilib və ayrıca maddədə də qeyd edilib".
İ.Həbibbəyli vurğulayıb ki, qanun layihəsində təhsil kreditləri məsələsinə də toxunulub: "Qanunda elmi müəssisələrin fəaliyyətinə, onların təhsil qurumlarında təhsil kreditlərinin verilməsini, təhsil alanın əmək fəaliyyətinə başlayarkən həmin kreditləri ödəməsinin başlaması mexanizminin tapılmasını vacib olduğunu qanun layihəsində qeyd etmişik. Bu, bakalavr pilləsi ilə yanaşı, gələcəkdə magistratura və doktorantura üzrə də vacib ola bilər. Magistrantlara hərbi möhlətin verilməsi "Elm haqqında" qanununun deyil, "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanunun subyektidir. Bu, hərbi vəziyyət normala düşdükdən sonra "Hərbi vəzifə və hərbi xidmət haqqında" Qanununa əlavə edilə bilər".
Qanun layihəsi əsas kimi qəbul edilib və müzakirələr başlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB