BDU-nun tələbəsi qalib oldu FOTOLAR

BDU-nun tələbəsi qalib oldu FOTOLAR

Bakı Dövlət Universitetində (BDU) Koreya Respublikasının ölkəmizdəki səfiri Kim Çanq-gyunun rəhbərlik etdiyi nümayəndə heyətinin iştirakı ilə "Koreya mədəniyyəti üzrə Viktorina 2016" keçirilib.

Universitetdən SİA-ya verilən məlumata görə, tədbirdə bu ali məktəbin rektoru, akademik Abel Məhərrəmov BDU-nun elm-təhsil sahəsində əldə etdiyi nailiyyətlərdən, beynəlxalq əlaqələrindən, o cümlədən Koreya universitetləri ilə birgə layihələrdən bəhs edib. Qeyd olunub ki, universitetin Uzaq Şərq dilləri və ədəbiyyatı kafedrasında 10 ildən artıqdır koreyaşünaslıq ixtisası, koreya dili və Koreya ədəbiyyatı tarixi fənləri tədris edilir. Bu illər ərzində bir çox uğurlu layihələrə imza atılıb, Koreyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə artıq V dəfə BDU-da "Bakı Koreya dili natiqlik müsabiqəsi", Koreya Mədəniyyəti Günü kimi tədbirlər yüksək səviyyədə keçirilib.

"Koreya mədəniyyəti üzrə Viktorina 2016" haqqında danışan səfir universitetin tələbə və müəllimlərinə dəstək olmağa davam edəcəklərini bildirib, universitetlərarası əlaqələrin inkişafı istiqamətində layihələri müsbət dəyərləndirib.

Koreya mədəniyyəti ilə bağlı təşkil edilmiş videoçarxın nümayişindən sonra viktorina başlanıb. BDU və digər ali məktəblərin ümumilikdə 10 tələbəsi Koreyanın mədəniyyəti, tarixi və dili mövzularında biliklərini nümayiş etdiriblər. İki hissədən ibarət viktorinanın qalibi BDU-nun şərqşünaslıq fakültəsi koreya dili ixtisasının üçüncü kurs tələbəsi Töhvə Nuriyeva olub. Viktorinanın şərtlərinə görə qalib tələbə həm də Koreyaya getmək imkanı qazanıb. Sonrakı yerləri Azərbaycan Dillər Universitetinin ikinci kurs tələbəsi Fəridə Ayidayeva və həmin universitetin məzunu Ramin Abbasov tutublar.

Bütün xəbərlər Facebook səhifəmizdə