Təqaüd almaq istəyənlərin imtahan vaxtı bəlli oldu

Təqaüd almaq istəyənlərin imtahan vaxtı bəlli oldu

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) mayın 1-də ali təhsil müəssisələrinin tələbələri arasında SOCAR-ın təqaüd proqramına namizədlərin seçimi üçün test imtahanını keçirəcək. TQDK-dan SİA-ya verilən məlumata görə, namizədlər aprelin 26-dan etibarən bu qurumun müvafiq internet səhifəsinə (https://eservices.tqdk.gov.az/brxvsocar/?frm=egov) daxil olaraq "Namizədin imtahana buraxılış vərəqiəsi"ni çap edə bilərlər.

İmtahan Bakı Dövlət Universitetinin I, II və yeni tədris binalarında (Z.Xəlilov küç., 23) keçirilir və saat 11:00-da başlanır.

Namizədlər imtahana özləri ilə şəxsiyyəti təsdiqləyən sənədin əslini və "İmtahana buraxılış vərəqəsi"ni gətirməlidirlər.

Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda namizədlər imtahana buraxılmayacaqlar. İmtahan binasına giriş zamanı üzərində mobil telefon, konspekt və digər yardımçı vasitələr aşkarlanan namizədlər barədə akt tərtib olunacaq və imtahan binasına buraxılmayacaqlar.

Qeyd edək ki, imtahanda iştirak üçün 1.570 nəfər qeydiyyatdan keçib. İmtahanın idarə olunması üçün doqquz imtahan rəhbəri və 114 nəzarətçi-müəllim cəlb edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə