Jurnalistika üzrə magistr olmaq istəyənlərin NƏZƏRİNƏ!

Aprelin 11‑dən 20‑dək TQDK-nın internet saytı vasitəsilə jurnalistika üzrə magistratura ixtisaslaşmalarına qəbul olunmaq istəyən bakalavrların qabiliyyət imtahanına qeydiyyatı başa çatıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından SİA-ya verilən məlumata görə, ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanının birinci mərhələsində 50 və daha çox bal toplayaraq müsabiqə şərtlərini ödəyən və imtahanın ikinci mərhələsinə buraxılan 25 nəfər bakalavr həmin müddət ərzində anketi doldurmaqla qabiliyyət imtahanında iştirak etmək üçün qeydiyyatdan keçib. Onların 22 nəfəri Azərbaycan bölməsi, 3 nəfəri isə rus bölməsi üzrə imtahan verənlərdir.

Qeydiyyatdan keçən həmin bakalavrlar 22-25 aprel tarixlərində "Bakalavrın qabiliyyət imtahanına buraxılış vərəqəsi"ni çap edib götürməli və aprelin 26‑dan 28‑dək vərəqədə göstərilən vaxtda qabiliyyət imtahanında iştirak etməlidirlər. Qabiliyyət imtahanı Bakı şəhərində, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında (Asiya Universitetinin binasında) keçiriləcək.

Bakalavrlar qabiliyyət imtahanında iştirak etmək üçün özləri ilə mütləq şəxsiyyətini təsdiq edən sənədi, "Bakalavrın qabiliyyət imtahanına buraxılış vərəqəsi", eləcə də dövri mətbuatda, radio və televiziyada, internet KİV‑lərdə yayımlanmış jurnalistika üzrə yazılarını (radio və televiziyada yayımlanmış çıxışlarının disk yazılarını) (qovluqda) gətirməlidirlər.

Xatırladaq ki, qabiliyyət imtahanında hər bir bakalavra təxminən 30 dəqiqə vaxt ayrılır. Hər bir bakalavr bilet çəkməklə Qabiliyyət İmtahanı Komissiyası qarşısında cavab verir. Redaksiya tapşırığı yazılı formada yerinə yetirilir. Bakalavrın biletin hər bir bəndi üzrə cavabı 5 ballıq şkala üzrə qiymətləndirilir (3 bənd üzrə maksimum bal: 15). Bilet üzrə ümumilikdə 8 və daha çox bal toplamış bakalavrlar imtahandan "məqbul" qiymət almış hesab edilirlər və proqram seçimi zamanı jurnalistika üzrə 44 saylı proqramı seçmək hüququ qazanırlar. Onlar imtahanın ikinci mərhələsində həmin proqram üzrə imtahan verərək inşa (esse) yazırlar. Bu bakalavrlardan mərhələ üzrə və ümumi müsabiqə şərtini ödəyənlər ixtisaslaşma seçimi zamanı jurnalistika üzrə ixtisaslaşmaları seçə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə