"Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı"na dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadə (Lütfi Rəhim oğlu Ələsgərzadə) və akademik Böyükkişi Ağa oğlu Ağayev layiq görülüb. Bu barədə SİA-ya AMEA-dan məlumat verilib.
L.Zadə qeyri-səlis çoxluqlar və məntiq nəzəriyyəsinin yaradılması və inkişafındakı misilsiz xidmətlərinə görə, B.Ağayev isə Azərbaycanda qara ciyər, öd yolları, mədəaltı vəzi xəstəliklərində rekonstruktiv və bərpaedici əməliyyatların təkmilləşdirilməsi və tətbiqi sahəsindəki nailiyyətlərə, o cümlədən üçcildlik "Cərrahi əməliyyatların atlası" kitabının hazırlanmasında xidmətlərinə görə bu ali mükafata sahib olublar.
Bu barədə qərar aprelin 20-də Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin iclasında qəbul olunub. Tədbirdə "Azərbaycan Respublikasının Nizami Gəncəvi adına Qızıl medalı" müsabiqəsinin nəticələri elan edilib, adlarıçəkilən alimlərin medalla təltif olunmaları və namizədlərə 10 min manat məbləğində pul mükafatının verilməsi barədə qərar qəbul olunub.
AMEA-nın akademik-katibi, akademik Rasim Əliquliyev sözügedən medalla təltif etmək səlahiyyətinin ölkə başçısının 27 iyun 2014-cü il tarixli Fərmanı ilə Akademiyaya verildiyini bildirib. Qeyd edilib ki, müsabiqədə iştirak etmək üçün adları irəli sürülmüş alimlər haqqında təqdimatlar müvafiq sənədlərlə birlikdə Ekspert Komissiyasına təqdim olunub. Komissiyanın bu il keçirilmiş yekun iclasında Qızıl medala namizədlər seçilib və onlar haqqında müvafiq rəylər Rəyasət Heyətinə təqdim edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB