Təhsil naziri xaricdə təhsil proqramından danışdı AÇIQLAMA

"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı çərçivəsində 3500-dən artıq tələbə, magistr və doktorant bu proqram üzrə təhsil almaq hüququ əldə edib. Artıq proqramın icrası sona çatıb və qarşıya qoyulan əsas məqsədlərə demək olar ki, nail olunub". SİA-nın məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, xaricdə təhsili üzrə II Dövlət Proqramında nəzərdə tutulan dəyişikliklər kosmetik xarakter daşımır. Bu, sırf strateji dəyişikliklərdir: "Birinci proqram tətbiq olunduğu dövrdə tələbələrin əsas hissəsi bakalavr təhsil pilləsinə göndərilirdi. Hər bir vətəndaş, ümumilikdə Azərbaycan üçün faydalı olmaqla yanaşı, gələcəkdə proqramın, eləcə də ölkənin ali təhsil sektorunun və universitetlərin səviyyəsinin, onların rəqabətliliyinin artırılmasına və təhsilin keyfiyyətinin yüksəldilməsinə necə xidmət edə bilər sualını ortaya qoyur. Gələcəkdə tətbiq olunması mümkün olan əsas yanaşmalardan biri proqramın fokusunun iki istiqamətdə dəyişdirilməsidir. Burada bakalavrlardan daha çox magistr və doktorant səviyyəsində təhsil almağa göndərilən, müəyyən nailiyyətlərə imza atan namizədlərə üstünlük veriləcək. Bakalavrlar yalnız nadir hallarda xaricə göndərilə bilər. Seçilən ixtisas Azərbaycanda tədris olunmadığı halda bakalavrlar xaricə göndərilə bilər. Digər yenilik və istiqamət ölkənin aparıcı universitetlərinə xaricdən professor və müəllimlərin cəlb edilməsidir. Strateji məqsəd öz milli təhsil sistemimizin ənənələrinə əsaslanaraq onu sürətli şəkildə müasirləşdirmək və dəyişiklikləri mümkün qədər qısa müddətdə rəqabətli etməkdir".

Mikayıl Cabbarov qeyd edib ki, ali təhsilin beynəlmiləşməsi adi prosesdir: "Ona görə də milli təhsilimiz bu sahədə geridə qalmamalıdır. Burada söhbət proqramın ləğvindən deyil, onun daha müfəssəl, planlaşdırılmış və düşünülmüş şəkildə resurslarından daha faydalı istifadə etməkdən gedir. Təbii ki, proqrama edilməsi nəzərdə tutulan dəyişikliklər kosmetik xarakter daşımır, bu strateji dəyişikliklərdir. Bununla bağıı aidiyyəti hökumət qurumları ilə razılaşdırılmalar və son yekun sənədlərin hazırlanmasını tələb edir. Proqram xaricdə təhsil almaq üçün yeganə alət deyil. Azərbaycanın bir çox xarici ölkələrlə ikitərəfli müqavilələri mövcuddur. Dövlət xətti ilə tələbələr həmin ölkələrin ali təhsil müəssisələrinə göndərilir. Bu il də həmin praktika davam etdiriləcək. Xaricdə təhsil proqramının hər hansı bir kvota, məbləğlə ifadəsi olmayıb. Bu da layihənin dizaynı ilə üst-üstdə düşmür. Proqramın maliyyələşdirilməsi məsələsinə gəlincə, bu, son qərarda öz əksini tapacaq. Bu gün də Dövlət Neft Fondu xaricdə təhsilini davam etdirən 1500-dən çox tələbənin ödənişlərini vaxtı-vaxtında ödəyir. Bu nöqteyi-nəzərdən heç bir problem və çətinlik yoxdur. Əlavə mənbələr hər zaman ola bilər. Belə hal istisna deyil. Mənbələri müzakirə etməkdən daha çox proqramın dizaynını müzakirə edirik".

Bütün xəbərlər Facebook səhifəmizdə