Mikayıl Cabbarov: "Tələbələrin köçürülmə prosesində dəyişiklik olacaq" AÇIQLAMA
"Ölkəmizdə fəaliyyət göstərən ali təhsil müəssisəsindən tələbələrin digər ali məktəbə köçürülməsinin elektron sistemi yaradılacaq". SİA-nın məlumatına görə, bu barədə təhsil naziri Mikayıl Cabbarov jurnalistlərə açıqlamasında deyib.
Nazir bildirib ki, tələbələrin köçürülməsində bir neçə il əvvəl qeyri-şəffaf hallara rast gəlinirdisə, hazırda bu proses olduqca şəfafa həyata keçirilir: "Tələbələrin haqlı narazılığını nəzərə alaraq bu sahədə bir sıra yenilikləri həyata keçiririk. Meyarların, qaydaların aydın şəkildə tətbiq edilməsi, eləcə də elan edilməsində əsas məqsədimiz məhz insan faktorundan asıllığın aradan qaldırılması idi. Tələbə-universitet-təhsil sistemi münasibətlərinin sağlamlaşdırılması, şəffaf səviyyəyə çatdırılması üçün hazırda biz bu işin elektron platform üzərindən həyata keçirilməsini hazırlayırıq. Hesab edirəm ki, bu iş yaxın zamanda yekunlaşacaq".
M.Cabbarov qeyd edib ki, tələbələrin köçürülmə prosesi insan müdaxiləsi olmadan, tələbənin digər ali məktəb və fakültəyə keçmə hüququna malik olub-olmaması meyarları əsasında həyata keçiriləcək: "Düzdür, meyarlarda köklü dəyişikliklər etməyi nəzərdə tutmuruq. Amma müəyyən dəyişikliklər olacaq ki, bu da çox cüzi olacaq. Təbii ki, burada söhbət kardinal dəyişikliklərdən getmir. Tələbə köçürülmələri istiqamətində son 3 ildə böyük işlər görülüb. Bu proses tam şəffaflaşmış meyarlara əsasən həyata keçirilir. Tələbələrin qəbul imtahanlarında topladıqları ballar əsas götürülərək onların ixtisaslarının uyğunluğunu saxlamaqla hər kəs üçün bu prosesin daha da şəffaf olması səbəbindən prosesin elektronlaşdırılması bu istiqamətdə növbəti addım olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB