“Azərbaycan üçün öyrət” yeni təhsil proqramının təqdimatı keçirilib FOTOLAR

Mikayıl Cabbarov: "Proqram vasitəsilə yeni tədris yanaşmalarını tətbiq etmək mümkün olacaq"
“Azərbaycan üçün öyrət” yeni təhsil proqramının təqdimatı keçirilib FOTOLAR

"Azərbaycan üçün öyrət" yeni təhsil proqramının təqdimat mərasimi keçirilib. SİA-nın məlumatına görə, mərasimdə təhsil naziri Mikayıl Cabbarov, "Kapital Bank"ın İdarə Heyətinin sədri Rövşən Allahverdiyev, millət vəkilləri, fəal gənclər, ölkənin təhsil ictimaiyyətinin nümayəndələri, tanınmış ziyalılar və KİV nümayəndələri iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə öz işinə başlayıb. Daha sonra "Azərbaycan üçün öyrət" yeni təhsil proqramının təqdimatı keçirilib, proqramın məqsədi, vəzifələri və proqramda iştirak imkanlarını əks etdirən videoçarx izlənilib.
Təqdimat zamanı bildirilib ki, "Azərbaycan üçün öyrət" təhsil proqramı "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"na uyğun olaraq, ümumi təhsil məktəblərində keyfiyyətli təhsil üçün bərabər imkanların yaradılmasını təmin edən təhsil proqramıdır. Proqramın məqsədi Korporativ Sosial Məsuliyyət çərçivəsində təhsilin keyfiyyətinin yüksəldilməsində ictimaiyyətin iştirakına imkan yaradılması, əlavə təhsil imkanları ilə şagirdlərin bilik və dünyagörüşünün artırılmasıdır. Proqram həmçinin, şagirdlərin dərsə olan maraq və həvəsini artırmağa xidmət edir.
Təhsil naziri Mikayıl Cabbarov çıxışı zamanı‘’Azərbaycan üçün öyrət’’ təhsil proqramının əhəmiyyətindən bəhs edib. Nazir bildirib ki, proqram pilot olaraq Bakı, Gəncə, Lənkəran, Şəki və Quba şəhərlərində yerləşən ümumi təhsil məktəblərinin şagirdlərini əhatə edəcək. Proqram vasitəsilə yeni tədris yanaşmalarını tətbiq etmək, beynəlxalq və yerli səviyyədə təcrübə mübadiləsi aparmaq, şagirdlərin bilik səviyyəsinin artırılması və məktəbin akademik göstəricilərinin yüksəldilməsi imkanı qazanmaq mümkün olacaq.
Tədbirdə daha sonra çıxış edən millət vəkilləri proqramın uğurla həyata keçiriləcəyinə ümidvar olduqlarını bildiriblər.
Sonda Təhsil Nazirliyi və "Kapital Bank" arasında proqramla bağlı əməkdaşlıq haqqında memorandum imzalanıb.

Qeyd edək ki, tədbir iştirakçılarının özlərini məktəbdə hiss etmələri üçün məkan proqramın mahiyyətinə uyğun olaraq, "sinif otağı" konseptində hazırlanmışdı.

Bütün xəbərlər Facebook səhifəmizdə