Məktəb direktoru olmaq istəyənlərin imtahan nəticələri AÇIQLANIB

"597 vakant yer üçün 493 nəfər növbəti mərhələyə vəsiqə qazanıb"
Məktəb direktoru olmaq istəyənlərin imtahan nəticələri AÇIQLANIB

Bu gün Təhsil Nazirliyində məktəb direktorlarının işə qəbulu imtahanı və Respublika fənn olimpiadalarının final mərhələsinin nəticələri ilə bağlı mətbuat konfransı keçirilib. SİA-nın məlumatına görə, mətbuat konfransında çıxış edən nazirliyin İnsan resursları şöbəsinin müdir müavini Eşqi Bağırov qurumun sisteminə daxil olan ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbulla bağlı keçirilən test imtahanının nəticələri barədə jurnalistlərə məlumat verib. E.Bağırov bildirib ki, elektron ərizəsi təsdiq olunan 2260 nəfərdən 1591 nəfər imtahanda iştirak edib və 597 vakant yer üçün 493 nəfər müsahibə mərhələsinə vəsiqə qazanıb. Məktəb direktoru olmaq istəyən namizədlərin üçüncü mərhələdə-imtahanda iştirakı prosesi tam elektronlaşdırılıb. Bütün proseslər xüsusi proqram təminatı vasitəsilə həyata keçirilib. Hər namizədə 110 dəqiqə vaxt verilib. Bu vaxtın 90 dəqiqəsi sual-cavab, qalan 20 dəqiqəsi isə esse yazılması üçün nəzərdə tutulub. Esse yazmaq üçün proqram təminatı yaradılıb və namizədlər mövzuya uyğun fikirlərini kompüter vasitəsilə qeyd ediblər. İKT bilikləri zəif olan namizədlər üçün kağızda yazmaq imkanı yaradılıb".

Müdir müavini onu da qeyd edib ki, imtahanda iştirak edən namizədlərin ən aşağı göstəricisi 13 bal olub: "Şəhər məktəbləri yüksək nəticələrlə fərqlənib. Suallar isə təhsil qanunvericiliyi ilə yanaşı, həm də əmək qanunvericiliyini əhatə edib".

Mətbuat konfransında fizika, kimya, riyaziyyat, biologiya və informatika fənləri üzrə Respublika fənn olimpiadalarının nəticələri haqqında məlumat verən nazirliyin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev qeyd edib ki, 16 nəfər birinci, 33 nəfər ikinci, 54 nəfər üçüncü yeri qazanıb: "Naxçıvan MR-nın şagirdlərinin nəticələri və İnformatika fənni üzrə ümumi nəticələr bu gün elan olunacaq. Respublika fənn olimpiadalarının birinci–rayon (şəhər) mərhələsi yanvarın 17-də keçirilib. Birinci mərhələdə riyaziyyat, fizika, kimya, biologiya, informatika, tarix, coğrafiya, Azərbaycan dili və ədəbiyyat fənləri üzrə 27 500 IX, X və XI sinif şagirdi iştirak edib. Olimpiadanın yarımfinal turunda isə 4 500-ə yaxın şagird öz bilik və bacarığını nümayiş etdirib. Fənn olimpiadalarının final mərhələsində dəqiq fənlər üzrə 271 şagird iştirak edib".

O əlavə edib ki, Azərbaycan dili və ədəbiyyat, coğrafiya və tarix fənləri üzrə Respublika fənn olimpiadalarının final mərhələsi isə 22-24 apreldə Fizika, riyaziyyat və informatika təmayüllü liseydə keçiriləcək: "Bu fənlər üzrə 415 şagird öz bilik və bacarığını nümayiş etdirəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə