Dövlət İmtahan Mərkəzinin yaradılması təhsilimizə nə yenilik gətirəcək? EKSPERT RƏYİ
Prezident İlham Əliyev aprelin 11-də Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin yaradılması haqqında Fərman imzalayıb. Fərman təhsil müəssisələrinə tələbə qəbulunun beynəlxalq təcrübəyə uyğunlaşdırılmasını nəzərdə tutur. Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxs Azərbaycanda dövlət qulluğu üçün kadrların müsabiqə əsasında seçilməsini, ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsini, orta ixtisas təhsili müəssisələrinə, ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura səviyyələrinə, Azərbaycan Milli Elmlər Akademiyasında magistratura səviyyəsinə mərkəzləşdirilmiş qəbul imtahanlarının keçirilməsini təşkil etmək məqsədilə yaradılır. Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi dövlət qeydiyyatına alındığı andan Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya və Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ləğv edilir və onların istifadəsində olan dövlət əmlakı Dövlət İmtahan Mərkəzinin balansına verilir. Mövzu ilə əlaqədar SİA-ya açıqlama verən təhsil eksperti Şahlar Əsgərov Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ləğvini mütərəqqi addm kimi qiymətləndirib. Ekspert bildirib ki, komissiya adətən 6 aylıq, 1 illik uzaqbaşı 2 illik bir problemin həlli istiqamətində yaradılır: "TQDK isə bir dövlət qurumu, bir mərkəz kimi çıxış edirdi. Yəni fəaliyyətini, işini komissiya kimi deyil, ictimai təşkilat və yaxud dövlət qurumu kimi qurmuşdu. Prezidentin fərmanı ilə bu sahədə nizam-intizam yaradılıb. Təhsil eksperti kimi bu addımı alqışlayıram. İnanıram ki, yenilik təhsil sahəsinin daha da inkişaf etməsinə öz tövhəsini verəcək".
Abituriyentlərin narahatçılığına da münasibət bildirən ekspert qeyd edib ki, burada narahat olacaq heç bir məqam yoxdur: "Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxsin NİZAMNAMƏSİNDƏ qeyd olunub ki, yeni yaradılan mərkəzin əsas vəzifələrindən biri də orta ixtisas təhsili müəssisələrinə, ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura (tibb təhsili üzrə əsas təhsil və rezidentura) səviyyələrinə ixtisaslar üzrə qəbul imtahanları keçirilən fənləri və keçid ballarını, o cümlədən ümumi təhsil müəssisələrində buraxılış imtahanları keçirilən fənləri Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdırmaqla, müəyyən edəcək. Bundan başqa imtahan fənləri üzrə qəbul proqramlarını hazırlayıb Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə razılaşdıracaq. Bütün bunlar onu deməyə əsas verir ki, təhsil sahəsində aparılan hər bir islahat yalnız ölkəmizdə təhsilin inkişafı üçün aparılır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB