Azərbaycan Milli Elmlər Akademiyasının qarşısında duran əsas vəzifələrdən biri də kənd təsərrüfatı məhsullarının istehsalı və emalına xüsusi diqqətin yetirilməsidir. Qeyri-neft sektorunun inkişafı və ərzaq təhlükəsizliynin təmini "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında da mühüm əhəmiyyət kəsb edən məsələlərdən biri kimi öz əksini tapıb. SİA-nın verdiyi xəbərə görə, bu məqsədlə AMEA İşlər İdarəsinin Elm və Texnologiya Parkının Aqrar sektoru tərəfindən regionlarda nümunəvi təsərrüfat layihələri həyata keçirilir. Əhalinin kənd təsərrüfatı məhsullarına olan tələbatının etibarlı təminatı məqsədilə AMEA-nın aidiyyatı elmi müəssisələri ilə məsləhətləşmələr aparılıb. Elm və Texnologiya Parkının Aqrar sektoru tərəfindən dayaq məntəqələrinin torpaq sahələrində buğda, üzüm, nar, pambıq, soya və digər bitkilərin əkini həyata keçirilib.
Ötən həftə AMEA Rəyasət Heyəti aparatından, Aqrar, Biologiya və Tibb elmləri bölmələrinin müvafiq institutlarından bir qrup alim və mütəxəssis AMEA-nın aran rayonlarında yerləşən dayaq məntəqələrində olub. Akademiyanın Botanika İnstitutunun Kürdəmir, Zoologiya İnstitutunun Ağsu, Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Ucar, Genetik Ehtiyatlar İnstitutunun Ağdaş rayonları ərazisindəki dayaq məntəqələrində yerinə yetirilən elmi tədqiqat və təşkilati işlərlə tanış olan alimlər təcrübə sahələrinə və təsərrüfat əkinlərinə baxış keçiriblər.
Dayaq məntəqələrin aqronomları ilə görüşlər zamanı yüksək keyfiyyətli məhsul almaq üçün becərilmə texnologiyalarının və suvarma qaydalarının öyrənilməsi, eləcə də becərilən növlərin yerli şəraitə uyğunlaşdırılması və geniş tətbiqi ilə bağlı fikir mübadiləsi aparılıb. Torpaqların səmərəli becərilməsi məsələlərində onlara lazımi tövsiyələr verilib. Ərazilərdə tingçilik, şitilçilik, bağçılıq istiqamətində tədqiqatların genişləndirilməsi, həmçinin rəqabətqabiliyyətli məhsulların becərilməsi hədəf olaraq müəyyənləşdirilib.
AMEA əməkdaşları, həmçinin dayaq məntəqələrinin inzibati binalarının maddi-texniki təchizatı və təsərrüfatlarda tətbiq olunacaq yeni alınmış müasir texnika və avadanlıqlarların saxlanılması vəziyyəti ilə tanış olublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB