ADU-da İndoneziya səfiri ilə görüş keçirildi

ADU-da İndoneziya səfiri ilə görüş keçirildi

Bu gün Azərbaycan Dillər Universitetində (ADU) universitetin İndoneziya Araşdırmalar Mərkəzininin təşkilatçılığı ilə İndoneziyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Husnan Bey Fananienin Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinin tələbələri ilə görüşü keçirildi. ADU-dan SİA-ya verilən məlumata görə, Universitetin İndoneziyaşünaslıq ixtisasında təhsil alan tələbələrlə görüşdə Xarici Dillər kafedrasının müdiri, dosent Salman Nuriyev səfiri və qonaqları salamladı, universitetdə fəaliyyət göstərən İndoneziya Araşdırmalar mərkəzi haqqında ətraflı məlumat verdi. İndoneziya səfirliyinin fəaliyyətini yüksək qiymətləndirdiyini söyləyən S. Nuriyev ADU-nun ölkəmizdə aparıcı ali təhsil müəssisəsi olduğunu bildirdi. Burada tədris olunan dillər barədə görüş iştirakçılarına məlumat verdi. O, tələbələrin İndoneziya dilini böyük həvəslə öyrəndiklərini və onların müxtəlif layihələrdə iştirak etdiklərini də vurğuladı. Gələcəkdə universitet və səfirliyin əməkdaşlığının möhkəmlənəcəyinə, tələbə-müəllim mübadiləsinin olacağına ümidvar olduğunu vurğuladı.

İndoneziyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Husnan Bey Fananie İndoneziyaşünaslıq ixtisasında təhsil alan tələbələrin gələcəkdə İndoneziyada müvafiq kurslarda təhsil almalarına daim dəstək olacağını söylədi. O, bu görüşün qarşılıqlı əlaqələri inkişaf etdirmək imkanı yaratdığını bildirdi. Səfir İndoneziyanın tarixini, mədəniyyətini, incəsənət abidələrini əks etdirən kitabları universitetin İndoneziya Mərkəzinə hədiyyə etdi. Eyni zamanda, səfir İndoneziyanın görməli yerlərini əks etdirən disk və İndoneziyanın milli parçası olan "botik" i mərkəzə hədiyyə etdi.

Görüş hər iki ölkənin dövlət himnnini səsləndirilməsi ilə sona yetdi.

Bütün xəbərlər Facebook səhifəmizdə