Təhsil naziri plagiatdan DANIŞDI

Mikayıl Cabbarov: "Müəllif işində plagiata yol vermədiyi ilə bağlı üzərinə öhdəlik götürməlidir"

"Müasir dövrdə istənilən ölkənin iqtisadi inkişafı, onun vətəndaşlarının firavan yaşayışı ilk növbədə elm və təhsilin inkişafı ilə bağlıdır. Bu nöqteyi nəzərdən təhsil sistemində fəaliyyət göstərən alimlərimiz, təhsil alanlar və təhsil verənlər qarşısında birmənalı şəkildə yeni çağırışlar dayanır". SİA-nın xəbərinə görə, bu fikirləri təhsil naziri Mikayıl Cabbarov Müəllif Hüquqları Agentliyinin və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə "Elmi, tədris və ədəbi əsərlərin mətnlərində plagiat və onun qarşısının alınması yolları" mövzusunda keçirilən dəyirmi masada səsləndirib.

Nazir bildirib ki, müasir dövrün çağırışlarına cavab verməyin yolları Azərbaycan dövlətinin təhsil strategiyasında öz əksini tapıb: "Strategiyada nəzərdə tutulan tədbirlər sırasında təhsil sahəsində plagiatçılığın qarşısının alınması xüsusi çəkiyə malikdir. Təhsil sistemimizdə plagiatın olmaması hər birimizin qarşısında duran əsas məqsəd və vəzifədir. 21 əsrdə ,elm və təhsilin yüksək xətlə inkişaf etdiyi zamanda plagiatdan istifadə qətiyyən qəbuledilməzdir. Bu həm hüquqi nöqteyi nəzərdən, həm də mənəvi nöqteyi nəzərdən düzgün hesab edilmir. Xüsusilə təhsil sahəsində. Biz hər zaman vurğulayırıq ki, təhsil sistemində vacib amillərdən biri də yeni biliklərə yiyələnmək və bu bilikləri gənc nəslə ötürməkdir. Palgiatın qarşısını almaqdan ötrü beynəlxalq təcrübəyə əsaslanaraq bu gün bir çox işlər həyata keçirilir. Müəllif Hüquqları Agentliyi tərəfindən hüquqi çərçivə artıq tərtib edilib".

Mikayıl Cabbarov bu sahədə bir amili də öndə tutaraq vurğulayıb ki, plagiata qarşı mübarizədə təhsil sisteminin işçiləri olaraq hər birimizin fəal iştirakı vacibdir: "Rəhbər şəxslər, yaradıcı insanlar, alimlər kənara dayanmamalı, birgə işlər həyata keçirməlidir. Bütün iş yalnız dövlətin üzərinə qoymaq olmaz. Təhsil sistemində yaradılan hər bir işin müəllifi birmənalı şəkildə işində plagiata yol vermədiyi ilə bağlı üzərinə öhdəlik götürməlidir".

Bütün xəbərlər Facebook səhifəmizdə