Polşanın Azərbaycandakı səfiri ADU-da oldu

Polşanın Azərbaycandakı səfiri ADU-da oldu

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru vəzifəsini icra edən professor Dünyamin Yunusov Polşa Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Marek Tsalka ilə görüşdü. ADU-dan SİA-ya verilən məlumata görə, qonağı salamlayan professor Dünyamin Yunusov onu universitetdə görməkdən məmnunluğunu dilə gətirdi. Dillər Universitetinin tarixindən söz açan D.Yunusov rəhbərlik etdiyi ali təhsil müəssisəsinin bir çox istiqamətlər, o cümlədən müxtəlif dillər üzrə kadrlar hazırlayan universitet olduğunu bildirdi. ADU-da müxtəlif-ingilis, alman, fransız, ispan, Çin və digər dillər ilə yanaşı polyak dilinin də tədris olunduğunu bildirən professor tələbələrin bu dilə xüsusi maraq göstərdiyini vurğuladı. O, Polşa və Azərbaycan arasında münasibətlərin qədim tarixə malik olduğundan söz açdı. Professor Dünyamin Yunusov Polşa ilə ölkəmiz arasında iqtisadi, humanitar, mədəni sahələrdə mövcud olan əməkdaşlıqla yanaşı təhsil səhəsindəki əlaqələrin ikitərəfli münasibətlərin yüksələn xətlə inkişafına öz töhfəsini verəcəyinə əminliyini ifadə etdi.

Səmimi qəbula görə universitet rəhbərliyinə təşəkkür edən səfir Marek Tsalka ADU-da ilk dəfə olmadığını bildirdi. Öz ölkəsinin tarixi haqqında ətraflı məlumat verən səfir polşalıların slavyan mənşəli olduğunu dedi. O, M. Tsalka polyak dilinin slavyan qəbilələrindən ibarət olan Polanelerin dilindən qaynaqlandığını bildirdi. ADU-da polyak dilinin tədrisini yüksək qiymətləndirərək təmsil etdiyi ölkədə təhsil imkanlarının geniş olduğunu bildirən səfir Polşa universitetlərində dil öyrənmək istəyən tələbələr üçün lazımi şəraitin yaradıla biləcəyindən danışdı. Səfir universitetdə surətli polyak dili kurslarının təşkil olunması təklifini irəli sürdü və bununla da tələbələrin Polşanın tarixi, mədəniyyəti və dili haqqında daha çox bilgi əldə edəcəyinə əminliyini ifadə etdi. M.Tsalka ADU rəhbərliyini, eləcə də tələbələri səfirlikdə keçirilən tədbirlərdə və görüşlərdə iştirak etməyə dəvət etdi.

Sonda səfir professor Dünyamin Yunusova Polşa haqqında məlumatları əks etdirən kitab və hədiyyə təqdim etdi.

Görüşdə, həmçinin gələcək əməkdaşlıq perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.

Bütün xəbərlər Facebook səhifəmizdə