ADU əməkdaşının dərs vəsaiti nəşr olunub

ADU əməkdaşının “Ön Asiyanın qədim əkinçilik mədəniyyətləri və Azərbaycan” adlı dərs vəsaiti nəşr olunub
ADU əməkdaşının dərs vəsaiti nəşr olunub

Bu yaxınlarda Azərbaycan Dillər Universitetinin (ADU) Sosial elmlər kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Şəlalə Bağırovanın "Ön Asiyanın qədim əkinçilik mədəniyyətləri və Azərbaycan" adlı dərs vəsaiti çap olunub. ADU-dan SİA-ya verilən məlumata görə, Universitetin Elmi Şurasının 25 noyabr 2015-ci il tarixli iclasının qərarı ilə nəşr olunan kitabın elmi redaktoru tarix üzrə elmlər doktoru, professor, əməkdar müəllim Qüdrət İsmayılzadədir.

Təqdim olunan dərs vəsaitində Azərbaycanda əkinçilik mədəniyyətinin formalaşmasına təsir göstərən amillər, əlverişli iqlim şəraiti, relyef, bitki örtüyü, heyvanat aləminin müxtəlifliyi öz əksini tapıb, abidələrin, yaşayış yerlərinin geniş təsnifatı, sənətkarlıq və onun müxtəlif sahələri haqqında məlumat verilib. Kitabın əsas aktual cəhəti isə Azərbaycan əkinçilik mədəniyyətinin Ön Asiya ənənələrinin təsiri altında təşəkkül tapması deyil, onun tərkib hissəsi olması haqqında tutarlı dəlillərin irəli sürülməsidir. Dərs vəsaiti Azərbaycanın ibtidai icma quruluşunu öyrənən tələbələr, ali məktəb müəllimləri, həmçinin elmi işçilər üçün də nəzərdə tutulub.

"Ön Asiyanın qədim əkinçilik mədəniyyətləri və Azərbaycan" adlı dərs vəsaiti 118 səhifədən ibarət olmaqla, "Tarixi Azərbaycan torpaqlarının təbii-coğrafi şəraiti və qədim istehsal formalarının təşəkkülünü doğuran amillər", "Tarixi Azərbaycanın ən qədim istehsal kompleksləri: morfoloji-topoqrafik xüsusiyyətlər", "Qədim əkinçilik dövründə Azərbaycanda istehsal təsərrüfatı strukturları və onların özəllikləri", "Ön Asiyanın qədim əkinçilik mədəniyyətləri və Cənubi Qafqaz-Azərbaycan paralelləri" bölmələrini özündə əks etdirir.

Qeyd edək ki, Şəlalə Bağırova eyni zamanda beynəlxalq konfranslarda müxtəlif mövzularda çıxış edib və onlarla elmi məqalənin müəllifidir.

Bütün xəbərlər Facebook səhifəmizdə