Rezidenturaya qəbul olmaq istəyənlər üçün sınaq imtahanı davam edir
TQDK-nın tədbirlər planına uyğun olaraq 2016-cı il martın 17-dən etibarən rezidenturaya qəbul imtahanının birinci mərhələsi – baza fənləri üzrə onlayn sınaq imtahanı aparılır. TQDK-dan SİA-ya verilən xəbərə görə, namizədlər komissiyanın internet saytının müvafiq səhifəsində (http://eservices.tqdk.gov.az/sinaq/) qeydiyyatdan keçərək onlayn rejimdə sınaq imtahanında iştirak edə bilərlər.
Qeyd olunub ki, onlayn sınaq imtahanının məqsədi namizədlərə özlərinə münasib vaxtda baza fənləri üzrə bilik, bacarıq və vərdişlərini qapalı və açıq formalı test tapşırıqları vasitəsilə yoxlamaqda, ümumi hazırlıq səviyyələrini müəyyən etməkdə kömək etməkdir. Bununla da namizədlər həm imtahan texnologiyaları ilə tanış ola bilərlər, həm də imtahana ayrılmış vaxtdan səmərəli istifadə etmək bacarıqlarını inkişaf etdirə bilərlər.
29 mart 2016-cı il saat 1000-a olan məlumata görə 1239 namizədin elektron ərizə dolduraraq qeydiyyatdan keçməsinə baxmayaraq, onlayn sınaq imtahanında cəmi 390 namizəd iştirak etmişdir. Namizədlərə yaradılmış bu imkandan yararlanmağı tövsiyə edirik. Nəzərinizə çatdırırıq ki, bu sınaq imtahanı qəbul imtahanının birinci mərhələsinin modelinə uyğun olduğuna görə namizədlərə imtahana hazırlıq səviyyələrini daha dəqiq qiymətləndirməyə imkan verir. Namizədlər əvvəlcə müvafiq proqram təminatını, sonra isə test tapşırıqlarını öz kompyuterinə yükləyirlər. Daha sonra internet bağlantısı olmadan (offline) bu tapşırıqları yerinə yetirib nəticələrinə baxa bilərlər. Namizədin onlayn sınaq imtahanının nəticəsi yalnız özünə məlum olur.
Onu da qeyd edək ki, müxtəlif hazırlıq kursları tərəfindən aparılan sınaq imtahanlarının TQDK-nın qəbul imtahanı proqramlarına və modelinə uyğunluğuna TQDK heç bir təminat vermir. Bunun üçün yalnız həmin hazırlıq kursları cavabdehdirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB