Belarusun millət vəkilləri BSU-da

Belarusun millət vəkilləri BSU-da

Martın 17-də Belarus parlamentinin Respublika Şurasının (Yuxarı palata) elm, mədəniyyət və sosial inkişaf üzrə daimi komissiyasının üzvü Tatyana Niçişina, Belarus parlamentinin Nümayəndələr Palatasının (Aşağı Palata) iqtisadi siyasət üzrə daimi üzvü Lyudmila Kubrakova, Milli Məclisin deputatı Məlahət İbrahimqızı Bakı Slavyan Universitetində (BSU) qonaq olublar. BSU-dan SİA-ya vrilən məlumata görə, görüşdə universitetin rektoru, professor Asif Hacıyev rəhbərlik etdiyi ali təhsil müəssisəsindəki tədris prosesi, fakültə və ixtisaslar, burada fəaliyyət göstərən tədris və mədəniyyət mərkəzləri barədə qonaqlara məlumat verib.

Belarus dili və mədəniyyəti mərkəzinin fəaliyyətindən danışan rektor qeyd edib ki, mərkəzin təntənəli açılışında Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko iştirak edib. Mərkəzin əsas vəzifəsi Azərbaycan və Belarus arasında mədəni əlaqələri inkişaf etdirmək, hər iki ölkənin mədəniyyətinə, təhsilinə, maarifinə və elminə gənclərin marağını artırmaqdır. BSU-nun Belarus universitetləri ilə əlaqələrindən söz açan Asif Hacıyev Maksim Tank adına Belarus Dövlət Pedaqoji Universitetində BSU tərəfindən yaradılan Azərbaycan dili və mədəniyyəti mərkəzinin fəaliyyətini qeyd edib.

BSU-da Belarus dili və mədəniyyəti mərkəzinin olmasından və Belarus dilinin tədris edilməsindən məmnunluqlarını bildirən qonaqlar universitetin fəaliyyətini yüksək dəyərləndiriblər. Sonra nümayəndə heyəti Belarus dili və mədəniyyəti mərkəzində Belarus dili üzrə təhsil alan tələbələrlə görüşüb. Tələbələrin Belarus dilində ifa etdikləri mahnı və şeirlər, hazırlanan səhnəciklər qonaqlarda xoş təəssürat oyadıb. Onlar azərbaycanlı gənclərin Belarus dili və mədəniyyətini belə mükəmməl mənimsəmələrindən razılıqlarını bildiriblər.

Sonda qonaqlara mərkəz adından Novruz xonçası, bayram hədiyyələri təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə