İlqar Orucov: "Universitet idarəetməsində ciddi islahatlar edilməlidir" MÜNASİBƏT
"Cənab Prezidentin məlum sərəncamı artıq cari tədris ilinin ikinci semestrindən başlayaraq tətbiqini tapmalıdır. 12-13 min arası tələbəni əhatə edəcək bir prosesin texniki tərəfləri ilə bağlı müəyyən gecikmələr var və fikirləşirəm ki, yaxın vaxtlarda problem həllini tapacaq". Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov "Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələri və şagirdləri üçün müəyyən edilmiş təqaüdlərin artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamının tətbiqindəki gecikmələrlə və ölkəmizdə mövcud ali təhsil haqlarının vəziyyəti ilə bağlı məsələyə münasibət bildirərkən deyib.
İlqar Orucov bildirib ki, bu məsələnin icrası ali məktəblərin rəhbərliyi tərəfindən həyata keçirilməlidir. O qeyd edib ki, burada bir qədər ləng və operativliyin zəif olması görünür. Düşünürəm ki, problem yaxın günlərdə həllini tapacaq.
"Ölkəmizdə təhsil haqları kifayət qədər yüksəkdir və bu qiymətlər xüsusilə, ailə büdcəsi zəif olan ailələrə ciddi problemdir. Hər il təhsil haqlarında artım olacağı ilə bağlı yayılan informasiyalar görünür məqsədli şəkildə edilir və sanki cəmiyyətin reaksiyasının tempi müəyyənləşdirilir. Kəskin reaksiyalar və narahatçılıqlar olmadığı təqdirdə qiymətlər əsaslandırılmadan qaldırılır. Bildiyimiz kimi özəl ali təhsil müəssisələrində qiymətləri həmin qurumların özləri müəyyənləşdirirlər və nəyə əsasən, hansı parametrlərə görə bunlara ciddi və əsaslandırılmış cavab hələ ki yoxdur. Dövlət ali məktəblərində isə qiymətlər dövlət hesabına təhsil alan tələbələrə dövlətin ayırdığı vəsaitə görə müəyyən edilir. Bilirik ki, ödənişli təhsildən xeyli vəsait toplanır. Bu vəsaitin çox az bir hissəsi müəllimlərin əmək haqlarına əlavə edilir. Yerdə qalan vəsait təmir-tikinti, maddi-texniki bazanın yaxşılaşdırılması kimi ənənəvi və daha çox sərbəst hərəkətə imkan verə bilən istiqamətlərə yönləndirilir. Ona görə də bizim ali təhsil müəsisələri dünya reytinqində geri qalırlar".
Onun sözlərinə görə, ali təhsil müəssisəsi yüksək bilik verməklə ölkəni idarə edəcək peşəkar və rəqabətədavamlı kadr hazırlığında daha çox maraqlı olmalıdır: "Ali təhsil müəssisəsi yüksək elmi laboratoriyalar şəbəkələri yaratmaqla dünya elminə töhfələr verə bilməlidir. Universitet gələcək elmi kadrlar hazırlamalı, görkəmli alimlər ordusu yetişdirməkdə maraqlı olmalıdır. Universitet binalarını hər il təmir etməklə, binalara xüsusi görkəm verməklə onu dünya miqyaslı universitet etmirlər. Heç bunu etmək mümkün də deyil. Ona görə də universitet idarəetməsində ciddi islahatlar və dəyişikliklər etmək lazımdır. Maraqli məqamlardan biri də ondan ibarətdir ki, ali məktəblərdə neçə faiz məzununun gələcəkdə əmək bazarında ixtisasına uyğun işlə təmin olunması barədə elementar bir statistika belə yoxdur. Sanki, onlar maraqlıdırlar ki, hər il hansı yolla olursa-olsun məzunlar buraxsınlar və sonrası necə olacaq bu artıq tamamilə maraqlı deyil. Əmək bazarında mütəxəssis qıtlığı yaşanması barədə dəfələrlə şikayətlər səsləndiyi halda həmin ixtisaslı mütəxəssisi hazırlamağa məsul olan ali təhsil müəssisəsinin rəhbəri məsuliyyətini dərk etmir. Nəyə görə onun rəhbərlik etdiyi ali məktəbin hazırladığı mütəxəssis əmək bazarında rəqabətədavamlı deyil və ya tələblərə cavab vermir? sualının məsuliyyətini ya anlamır və ya anlamaq istəmir amma təhsil haqlarını qaldırmaq barədə mənafelərini güdən mövqe sərgiləyirlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB