Şöbə müdiri: "Uşaqların məktəbəhazırlıq təhsilə cəlb olunması səviyyəsi aşağıdır"

Şöbə müdiri: "Uşaqların məktəbəhazırlıq təhsilə cəlb olunması səviyyəsi aşağıdır"

"Məktəbəqədər təhsil haqqında" qanun layihəsinin hazırlanması mühüm məsələdir". SİA-nın xəbərinə görə, bunu Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədov Milli Məclisin Elm və təhsil komitəsinin "Məktəbəqədər təhsil haqqında" qanun layihəsinin hazırlanması məqsədi ilə yaradılan işçi qrupunun tərkibinin təsdiq edilməsi ilə bağlı bugünkü iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, məktəbəqədər təhsil ailə ilə məktəb arasında bir vəsilədir: "Burada təşkil olunan milli-mənəvi dəyərlərə söykənən tərbiyə məktəbdə təlim-tərbiyə işinin asan şəkildə həyata keçirilməsinə təsir göstərir. Məktəbəqədər təhsil icbari hesab olunmur. Burada valideynlərin qarşısına belə bir öhdəlik də qoyulmur. Lakin bu məsələnin vacibliyi geniş şəkildə həm valideynlərə izah olunmalı, həm də uşaqların geniş cəlbi üçün məktəbəqədər təhsil müəssisələrində şərait olmalıdır. Bu məsələnin həlli də təbii ki, qanunda öz əksini tapmalıdır".

A. Əhmədov çıxışı zamanı bildirib ki, Azərbaycanda uşaqların məktəbəqədər təhsilə cəlb olunması faizi digər ölkələrə nisbətən aşağıdır: "Əlbəttə bunun həm obyektiv, həm də subyektiv səbəbləri var. Biz bu sahədə beynəlxalq təcrübəni öyrənməli və ölkəmizdə tətbiqini həyata keçirilməliyik. Azərbaycanda uşaqların məktəbəhazırlıq təhsilə cəlbini 2020-ci ilə qədər 90 faizə çatdırmalıyıq. Bu çox vacib məsələlərdən biridir. Ümumiyyətlə, təhsilin keyfiyyətinin artırılmasında, xüsusilə də ibtidai təhsilin hamı üçün əl çatan olması və keyfiyyətinin səmərəliliyinin yüksəldilməsində məktəbəhazırlıq təhsilinin əhəmiyyəti müstəsnadır. Ona görə də bu məsələ ciddi şəkildə gündəmdə olmalıdır. Uzun müddət məktəqədər təhsili eyni format əsasında qurmuşuq. Digər başqa növlərə ciddi diqqət yetirilməyib. Bəlkə indi də bu tendensiya davam edir. Ancaq bölgələrdə və ucqar yerlərdə fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələri hazırlığı lazım olan səviyyədə təşkil edə bilmir. Ona görə də qanunda ayrı-ayrı məktəbəqədər təhsil növlərinin təsbit olunması çox vacibdir və bunun təşkili mexanizmləri göstərilməlidir. Elə kəndlər var ki, orada məktəbəqədər təhsil müəssisəsinə cəlb olunan uşaqların sayı elə də çox deyil. Bunun üçün ayrı bir müəssisə yaratmaq və buna maddi vəsait ayırmağa ehtiyac yoxdur".

Şöbə müdirinin fikrincə, əsas məqsəd uşaqların təhsildən kənar qalmamasıdır: "Özəl bağçaların yaradılması imkanından geri çəkilməməli, buna rəvac verməməliyik. Çünki məktəbəqədər təhsil müəssisəsinin olması üçün tək bina şəraiti lazım deyil. Həmin binanın içərisində də təsdiq olunmuş standartlara uyğun iş getməlidir. Ayrı-ayrı imkanlı şəxslər var ki, belə müəssisələr üçün müvafiq bina inşa edirlər. Həmin müəssisələr üçün də lisenziya alınmalıdır. Ona görə də belə bir məsələ ilə bağlı qanunda məhdudiyyət qoyulmamalıdır".

Bütün xəbərlər Facebook səhifəmizdə