Martın 11-də Azərbaycan Milli Elmlər Akademiyasının Yer Elmləri Bölməsinin növbəti iclası keçirilib. Akademiyadan SİA-ya verilən xəbərə görə, bölmənin akademik-katibi, akademik Fəxrəddin Qədirov iclası giriş sözü ilə açaraq iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.
Tədbirdə Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsinin müdiri, geologiya-minerologiya üzrə elmlər doktoru Adil Əliyev "Palçıq vulkanı brekçiyasının ehtimal olunan aksessor minerallaşmasının tədqiqi" mözusunda məruzə ilə çıxış edib. Alim ölkəmizdə və dünyada palçıq vulkanlarının hərtərəfli öyrənilməsi istiqamətində elmi tədqiqatlar aparıldığını, qlobal miqyasda onların əmələgəlməsi, coğrafi yayılması, neft-qazlılıq və seysmikliklə əlaqəsi kimi məsələlərlə bağlı yeni elmi nəticələr alındığını bildirib. Adil Əliyev vurğulayıb ki, rəhbərlik etdiyi şöbənin əməkdaşları ilə Ukrayna Milli Elmlər Akademiyasının alimlərinin birgə apardıqları tədqiqatlar hər iki ölkənin palçıq vulkanizmi probleminin müqayisəli təhlilinə, xüsusilə vulkan tullantılarının mineralogiyasına yönəldilib. Vulkan brekçiyasında aksessor minerallaşmanın öyrənilməsi nəticəsində Qara dəniz və Kerç yarımadasının palçıq vulkanlarında təbii əmələ gələn qızıl, gümüş, qurğuşun, mis və digər elementlərin aşkar edilməsi Azərbaycanda da analoji yeni istiqamətdə geniş tədqiqatların aparılmasını labüd edir.
Məruzə sual-cavab və müzakirələrdən sonra Yer Elmləri Bölməsinin qərarı ilə bəyənilib. Qərara əsasən, Azərbaycanın palçıq vulkanı brekçiyasının ehtimal olunan aksessor minerallaşmasının yeni elmi istiqamət kimi tədqiq edilməsi tövsiyə olunub.
Sonra bölmə alimlərinin kitablarının nəşri ilə bağlı müzakirələr aparılıb. Yer Elmləri Bölməsinin qərarı ilə "Palçıq vulkanları" adlı kitabın, "Cənubi Xəzər çökəkliyinin Azərbaycan hissəsinin karbohidrogen potensialının və geodinamikasının öyrənilməsinə dair 2007-2014-cü illər üçün Tədbirlər Proqramı" çərçivəsində hazırlanmış 3 cilddə monoqrafiyanın, həmçinin "Azərbaycanın alt paleogen çöküntülərində biotların stratiqrafik və paleocoğrafi paylanma qanunauyğunluqları" və "Azərbaycanın mezo-kaynozoy yaşlı perlitləri" adlı monoqrafiyaların, "Radon və insan sağlamlığı" adlı elmi-populyar kitabın çapa verilməsi tövsiyə edilib.
İclasda AMEA-nın adlı mükafatlarına namizədlərin seçilməsi məsələsinə baxılıb. Qərara alınıb ki, akademik Pərviz Məmmədovun "Akademik Musa Əliyev" adına mükafata təqdim edilməsi haqqında Rəyasət Heyəti qarşısında vəsatət qaldırılsın.
İclasda Qərb zonasının termal sularının xarakteristikalarının və mümkün tətbiq sahələrinin öyrənilməsi istiqamətində AMEA-nın Gəncə Bölməsi ilə əməkdaşlıq məsələsi də müzakirə olunub. Geologiya-minerologiya üzrə elmlər doktoru Abdulvahab Muxtarov bildirib ki, Qərb zonasında mövcud olan geotermal mənbələrdən gələcəkdə sənayedə, kənd təsərrüfatında, məişət və kommunal sahələrdə, eləcə də təbabətdə geniş istifadə olunması üçün onların fiziki xarakteristikalarını və kimyəvi tərkibini öyrənməyə ehtiyac var. Alim Qərb zonasının geotermal mənbələrinin alternativ enerji və digər məqsədlər üçün istifadə olunması imknalarının tədqiq ediləcəyini diqqətə çatdırıb.
Sonra "AMEA-nın Xəbərləri" (Yer elmləri seriyası) və AMEA Məruzələri jurnallarında bölmə üzvlərinin iştirakı, Coğrafiya İnstitutu və Geologiya və Geofizika İnstitutunda Təhsil şöbələrinin yaradılması, həmçinin Akademik Mithəd Abasovun 90 illik yubileyinin keçirilməsi ilə əlaqədar Rəyasət Heyəti qaşısında vəsatət qaldırılması haqqında qərarlar qəbul olunub.
Tədbirdə müzakirə edilən növbəti məsələ Azərbaycan Respublikası Prezidenti İlham Əliyevinin "Azərbaycan Respublikasının Fövqəladə Hallar Atlası" barədə sərəncamından irəli gələn tədbirlər haqqında olub. Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov ölkə başçısının təbii resurslardan səmərəli istifadə, əhalinin, yaşayış məntəqələrinin, sənaye və kənd təsərrüfatı müəssisələrinin, digər infrastruktur obyektlərinin, o cümlədən strateji neft-qaz kəmərlərinin, kommunikasiya xətlərinin fövqəladə hallardan qorunması, istehsal qüvvələrinin inkişafı məsələlərinin əsaslandırılmış şəkildə həll edilməsi məqsədilə imzaladığı "Azərbaycan Respublikasının fövqəladə hallar atlası"nın nəşri haqqında sərəncamı xatırladıb. Sənədin icrasına başlanıldığını deyən akademik sərəncamdan irəli gələn məsələlərin həlli üçün işçi qrupunun yaradıldığını bildirib. Qeyd edib ki, xəritələr CİS texnologiya əsasında hazırlanıb, onların siyahısı və məzmunu müəyyənləşdirilib, müvafiq məlumatlar toplanaraq yol xəritəsi hazırlanıb.
İclasda iştirak edən Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin rəsmisi Tariel Hüseynov bildirib ki, Azərbaycanda fövqəladə hallar atlasının yaradılması istiqamətində işlər iki il əvvəl başlayıb və cənab Prezidentin məlum Sərəncamından sonra sürətlənib. Tariel Hüseynov vurğulayıb ki, atlasın nəşri gələcəkdə ölkəmizdə təhlükəli ərazilərin əvvəlcədən müəyyənləşdirilməsinə və nəzarət edilməsinə imkan verəcək.
Sonda bir sıra cari məsələlər müzakirə edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB