Y.Paxomovun kitab kolleksiyası təqdim olunub

Y.Paxomovun kitab kolleksiyası təqdim olunub

Bugün AMEA-nın Mərkəzi Elmi Kitabxanasında kitab kolleksiyaları haqqında ictimaiyyəti məlumatlandırmaq məqsədi daşıyan tədbirlərin davamı olaraq Nadir kitab Fondunda mühafizə olunan kolleksiyalardan biri, tarixçi Yevgeni Paxomovun şəxsi kitabxanasından olan nümunələrin təqdimatı keçirilib. Elmi Kitabxanadan SİA-ya verilən xəbərə görə, görkəmli tədqiqatçı, numizmat-alim, arxeoloq, tarix elmləri doktoru Yevgeni Paxomovun şəxsi kitab kolleksiyası özündə ehtiva etdiyi elmi mənbələrin sayına görə MEK-in ən iri kolleksiyaları sırasındadır.

Təqdimatda çıxış edən Nadir kitablar fondunun əməkdaşı Gülarə Xələfova şərq numizmatikası sahəsində ən tanınmış alimlərdən biri olan Y.Paxomovun Azərbaycan arxeologiya elminə böyük töhfələr verdiyini bildirərək onun şəxsi kitab kolleksiyası haqqında ətraflı məlumat verib. G.Xələfova bu günə qədər Y.Paxomovun 100-dən artıq elmi əsərinin nəşr olunduğunu və onlarin əksəriyyətinin kolleksiyada yer aldığını bildirib. Alimin tarix elminə ən böyük tövhəsi uzun illər üzərində çalışdığı "Azərbaycanın və Qafqazın başqa respublika və bölgələrinin sikkə xəzinəsi" kitabıdır. Y.Paxomovun kolleksiyası qədim dünya tarixinə dair qiymətli materiallarla yanaşı xüsusilə qədim Yunanıstan, Roma, Misir, Bizans və Assuriyanin tarixini işıqlandıran əsərlərlədə zəngindir.

Gülarə Xələfova alimin kolleksiyasına aid kataloqda yer alan Qafqazın təsvirinə dair əsərləri sırasında "Qafqaz əraziləri və xalqlarının təsvirinə dair materiallar toplusu"nun bəzi cildləri, "Qafqaz kəndlilərinin iqtisadi məişətini öyrənmək üçün materiallar", "Qafqaz təqvimləri", Qafqaz məcmuələri", "Dağıstan məcmuələri", "Rusiyanın Qafqazda sahibləndiyi torpaqlara baxış", "Qafqaz dağlıları haqqinda məlumatlar məcmuəsi", "Qafqaz haqqinda statistik məlumatlar məcmuəsi" kimi nəşrlərin adlarını xüsusi qeyd edib. G.Xələfova onuda əlavə edib ki, kolleksiyada "Bizans möhürlərinin təsviri", "Rus geraldikası" kimi tarix elminin nadir sahələri sayılan geraldika və sfraqistikaya aid kitablar yer alıb. Kolleksiya həmçinin humanitar, təbiət və yer elmləri üzrə ədəbiyyatlarla da təmsil olunub.

Təqdimatda çıxış edən Fondların formalaşdırılması bölməsinin rəhbəri Şərafət İsmayılova bu kimi kolleksiyaların Azərbaycan tarixinin təfsilatlı araşdırılması baxımından yüksək əhəmiyyətini vurğulayaraq, kitabların mühafizəsiylə bağlı təkliflərini irəli sürüb. Ş.İsmayılova köhnə kitabların gələcək nəsillərə yaralı ötürülməsinin vacibliyini önə çəkərək, kitabxanada Restavrasiya Mərkəzinin yaradılmasının məqsədəuyğun olduğunu bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə