Bu gün Azərbaycan Dillər Universitetində (ADU) universitetin Çin dili və mədəniyyəti mərkəzinin təşkilatçılığı ilə "8 Mart - Beynəlxalq Qadınlar Günü"nə həsr olunmuş "Çinin görkəmli qadın alimləri" mövzusunda tədbir keçirildi. ADU-dan SİA-ya verilən məlumata görə, tədbirdə açılış nitqi ilə çıxış edən Çin dili və mədəniyyəti mərkəzinin müdiri, professor Rafiq Abbasov bayram münasibəti ilə bütün qadınları təbrik etdi, dünya elminə böyük töhfələr verən, həmçinin gənc tədqiqatçılar üçün bir nümunə olan Azərbaycan və Çinin görkəmli qadın alimləri haqqında danışdı.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İctimai Elmlər Bölməsinin akademik katibi Nərgiz Axundova Azərbaycan-Çin elmi əməkdaşlığının inkişaf perspektivləri barədə məlumat verdi.
ADU-nun Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinin müəllimləri və tələbələri çıxış edərək Çinin elmi-texniki sahəsinin inkişafında qadınların rolundan, o cümlədən qədim Çində ilk tarixçi qadın Ban Çjaodan, ilk şərqşünas qadın, görkəmli Azərbaycan ərəbşünası, elmlər doktoru Aida İmanquliyevanın elmi fəaliyyətindən, orta əsr Azərbaycan və Çin əlaqələrinin araşdırılması ilə məşğul olan tanınmış Azərbaycan alimi Sara Aşurbəylidən söz açdılar.
Tədbirin sonunda universitetin Çinşünaslıq ixtisasında təhsil alan tələbələri bədii proqramla çıxış edərək Çin xalq mahnılarını ifa etdilər.
Qeyd edək ki, tədbirdə ADU-nun Tərbiyə işləri üzrə prorektoru, professor Ələddin Əliyev də iştirak edirdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB