Təhsil naziri Mikayıl Cabbarov "Sabahın alimləri" V Respublika Müsabiqəsinin yekunları haqqında əmr imzalayıb. Bu barədə SİA-ya Təhsil Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumatda bildirilib ki, əmrlə 2016-cı il 11-13 fevral tarixlərində İntel İSEF - Beynəlxalq Elm və Mühəndislik Sərgisi çərçivəsində keçirilmiş "Sabahın alimləri" V Respublika Müsabiqəsinin Münsiflər heyəti tərəfindən seçilən qaliblərin siyahısı təsdiq edilib.
Əmrdə qeyd olunub ki, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Heydər Əliyev Mərkəzi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin 2015-ci il 29 dekabr tarixli, 1143 nömrəli birgə qərarına əsasən, qaliblərə, qalib şagirdlərin rəhbərlərinə, Münsiflər Heyətinin üzvlərinə pul mükafatları verilsin, eyni zamanda cari ilin may ayında ABŞ-ın Arizona ştatının Finiks şəhərində keçiriləcək İntel İSEF müsabiqəsində iştirak etmək üçün Münsiflər heyəti tərəfindən müsabiqənin qalibləri arasından seçilən şagirdlərin siyahısı təsdiq edilsin. Həmçinin şagirdlərin yol xərcləri "İntel Foundation" Fondu tərəfindən "Mədəd" təşkilatına ayrılan qrant hesabına ödəniləcək.
Elm, ali və orta ixtisas təhsili şöbəsinin sektor müdiri, "Sabahın alimləri" V Respublika müsabiqəsinin direktoru G. Hüseynovaya tapşırılıb ki, İntel İSEF-də iştirak edəcək şagirdlərin layihələrinin ingilis dilində hazırlanmasına nəzarət etsin, şagirdləri ABŞ-da müşayiət edəcək nümayəndə heyətinin tərkibi barədə təkliflərini Nazirliyin rəhbərliyinə 10 gün ərzində təqdim etsin, İntel İSEF-in Təşkilat Komitəsinə müvafiq məlumatların göndərilməsini təmin etsin.
Əmrin icrasına nəzarət nazir müavini C.Bayramova həvalə olunub.
Qeyd edək ki, 2016-cı il 11-13 fevral tarixlərində Bakı şəhərində "Sabahın alimləri" V Respublika Müsabiqəsi keçirilib. Müsabiqə İntel İSEF - Beynəlxalq Elm və Mühəndislik Sərgisi çərçivəsində təşkil olunub. 62 ümumi təhsil müəssisəsini təmsil edən 127 layihə ilə 246 şagird iştirak edib. Münsiflər heyətinin qərarına görə müxtəlif kateqoriyalar üzrə I, II və III yerlərə 45 layihə üzrə 93 şagird, o cümlədən I yerə 5 layihə üzrə 8 şagird, II yerə 16 layihə üzrə 34 şagird, III yerə 24 layihə üzrə 51 şagird layiq görülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB