Məlum olduğu kimi, Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Elmi Şurasında qəbul edilən qərara əsasən, "İqtisadiyyat və sənaye" və "Beynəlxalq İqtisadi Münasibətlər" fakültələri birləşdirilərək, "İqtisadiyyat" fakültəsi yaradılıb.
Elmi Şuranın digər qərarı ilə "Beynəlxalq ticarət və gömrük işi" və "Ticarət" kafedraları birləşdirilərək, "Ticarət və gömrük işi" kafedrası yaradılıb.
"Heç kim işindən ayrılmayacaq"
Birləşdirilən fakültə və kafedralarda çalışan professor-müəllim heyətinin işlə bağlı teleyini araşdırmaq məqsədilə SİA-nın sorğusuna UNEC-dən rəsmi cavab verilib. Universitetin Marketinq və kommunikasiya departamentinin direktoru Rasim Şərifov qeyd edib ki, struktur islahatlarının aparılmasında məqsəd idarəetməni təkmilləşdirmək və səmərəli idarəetmə formaları yaratmaqdır. Onun sözlərinə görə, birləşdirilən fakültə və kafedraların professor-müəllim heyəti və digər əməkdaşları işdən çıxarılmayacaqlar: "Birləşdirilən fakültə və kafedralarda çalışan professor-müəllim heyəti və digər əməkdaşların hamısı yeni yaradılan fakültələrin nəzdində olan kafedralarda fəaliyyətlərini əvvəlki kimi davam etdirəcəklər. Heç kim işindən ayrılmayacaq".
O bildirib ki, yaradılan komissiya bir ay müddətində təhvil-təslim işləri aparacaq. Departament rəhbərinin sözlərinə görə, dekan, dekan müavinləri və kafedra müdirləri seçkili vəzifə olduğuna görə seçki əsasında müəyyən olunacaq.
"Təcrübə və işədüzəltmə şöbəsi ləğv edilərək, əvəzində iki qurum yaradılıb"
R.Şərifov əlavə edib ki, Elmi Şura UNEC-də Təcrübə və işədüzəltmə şöbəsinin ləğv edilərək, əvəzində iki qurum - Təcrübənin təşkili şöbəsi və Karyera Mərkəzinin yaradılması barədə qərar qəbul edib: "Təcrübənin təşkili şöbəsi bakalavrların ixtisas və istehsalat təcrübəsi, magistrantların isə elmi tədqiqat və elmi pedoqoji təcrübələri ilə məşğul olacaq. Karyera Mərkəzi isə tələbələrin bilik, praktiki bacarıq və vərdişlərinin artırılması, onların məşğulluq problemlərinin həll edilməsi üzrə kompleks təşkilati, texniki, informasiya, konsaltinq, tədris və maarifləndirmə tədbirlərini həyata keçirəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB