Xocalı faciəsi Fəlsəfə və Hüquq İnstitutunda anıldı

Xocalı faciəsi Fəlsəfə və Hüquq İnstitutunda anıldı

AMEA Fəlsəfə və Hüquq İnstitutunda Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar anım tədbiri keçirilib. SİA xəbər verir ki, tədbiri giriş sözü ilə açan elmi müəssisənin direktoru, fəlsəfə üzrə elmlər doktoru, professor İlham Məmmədzadə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənilərin Xocalıda azərbaycanlılara qarşı törətdikləri qanlı faciə barədə məlumat verdi. 24 il keçməsinə baxmayaraq, soyqırımla bağlı faktların hüquqi, sosioloji və humanitar aspektdən araşdırıldığını söyləyən İ.Məmmədzadə analitik, publisistik, elmi yazılara daha çox yer ayırmağın vacibliyini önə çəkib. O, faciənin beynəlxalq aləmdə tanıdılması üçün xarici dillərdə kitab və məqalələrin çapının artırılmasının zəruriliyini vurğuladı.

İ.Məmmədzadə onu da qeyd etdi ki, bu məqsədlə rus və ingilis dillərində daha çox kitablar, məqalələr dərc olunmalı, beynəlxalq konfranslarda Qarabağ mövzusunda elmi faktlara əsaslanan çıxışlar edilməlidir.

İnstitutun elmi işlər üzrə direktor müavini hüquq elmləri doktoru, professor Bəhram Zahidov çıxış edərək Xocalı faciəsinin bəşəriyyət tarixində ən böyük qətliamlardan olduğunu bildirib: "Azərbaycanlılara qarşı edilən bu soyqırım vəhşiliyin görünməmiş bir təzahürüdür. Həmin tarixdən 24 il ötsə də, kədərli faciənin ildönümündə Xocalı şəhidlərinin əziz xatirəsi bir daha yad edilir, tarixi olaylara yenidən nəzər salınır".

Daha sonar tədbirdə fəlsəfə üzrə elmlər doktoru Aydın Əlizadə, sosiologiya üzrə fəlsəfə doktoru Əhməd Qəşəmoğlu, fəlsəfə üzrə elmlər doktoru Rəfiqə Əzimova fəlsəfə üzrə fəlsəfə doktoru Elsevər Səmədov, fəlsəfə üzrə elmlər doktorları Azər Mustafayev, Fizuli Qurbanov və digər natiqlər öz çıxışlarında erməni silahlı qüvvələrinin Dağlıq Qarabağda törətdiyi vəhşiliklər və bu vəhşiliyin kulminasiyası olan Xocalı faciəsi, erməni silahlı birləşmələrinin qəddar əməllərindən və insanlığa sığmayan vəhşiliklərindən söz açdılar.

Bütün xəbərlər Facebook səhifəmizdə