Bakı Slavyan Universitetində Xocalı faciəsi yad edilib

Bakı Slavyan Universitetində Xocalı faciəsi yad edilib

Fevralın 25-də Bakı Slavyan Universitetində (BSU) Xocalı faciəsinin 24-cü ildönümünə həsr edilmiş anım mərasimi keçirilib. Tədbirdə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. SİA xəbər verir ki, mərasimi açan BSU-nun rektoru, professor Asif Hacıyev Xocalıda insanların məhz etnik mənsubiyyətinə görə genosidə məruz qaldığını deyib. Ümummilli lider Heydər Əliyevin hakimiyyəti dövründə Xocalı soyqırımına siyasi, hüquqi qiymət verildiyi, faciənin dünya ictimaiyyətinə çatdırılması ilə bağlı mühim işlər görüldüyünü vurğulayıb. Dövlət başçısı İlham Əliyevin Azərbaycanın milli problemlərinin beynəlxalq səviyyədə qaldırılmasına, erməni vandalizminin ifşasına xüsusi diqqət yetirdiyini qeyd edən professor Asif Hacıyev Xocalı faciəsinin dünya miqyasında tanıdılmasının hər bir Azərbaycan vətəndaşının borcu olduğunu söyləyib. O, Heydər Əliyev Fondunun Vitse-Prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanan "Xocalıya ədalət" kampaniyası çərçivəsində faciənin dünyaya çatdırılması ilə bağlı Bakı Slavyan Universitetində təhsil alan gənclər tərəfindən həyata keçirilən layihələr barədə məlumat verib.

BSU-nun dosenti Sadir Məmmədov Xocalı faciəsinin ağır nəticələrinin Azərbaycan xalqının taleyində qoyduğu dərin izlərdən söz açıb. Soyqırımın şahidlərindən olan S. Məmmədov əliyalın, dinc əhaliyə qarşı törədilən qətliamın insanlığa qarşı cinayət daha dəhşətli hadisə olduğunu vurğulayıb: "Xocalıda insanları milli mənsubiyyətinə görə qətlə yetiriblər. Bütün dünyada insanların dini, siyasi, mənəvi azadlıq hüququ var. Neçə-neçə azərbaycanlı qocanın, qadının, körpənin hüquqları ermənilər tərəfindən xaincəsinə pozulub və tapdalanıb".

Tədbirdə Xocalı faciəsinin şahidlərindən "Xocalı Soyqırımını Tanıtma" İctimai Birliyinin sədri Şamil Sabiroğlu, Qarabağ müharibəsi veteranları və Şəhid ailələri İctimai Birliyinin Nəsimi rayon şöbəsinin sədri Azər Quliyev və başqaları hadisə ilə bağlı çıxış edib .

Bütün xəbərlər Facebook səhifəmizdə