Mikayıl Cabbarov direktor təyinatı ilə bağlı yeniliklərdən DANIŞDI

Mikayıl Cabbarov direktor təyinatı ilə bağlı yeniliklərdən DANIŞDI

"İlk növbədə, biz məktəb direktorlarının təyin olunmasını bir neçə mərhələdən ibarət müsabiqə əsaslı prosesə çevirmişik. Buna Bakı şəhərindən pilot layihə olaraq başladıq. Son iki il ərzində Bakı şəhərində təyin etdiyimiz bütün məktəb direktorları rəqabətli seçim əsasında təyin olunub. Tam açıq və şəffaf danışsaq, bu proses nəticəsində kadr təyinatında olan bütün mənfi halların qarşısı alınıb". SİA-nın məlumatına görə, bu fikirləri Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov deyib.

Nazir bildirib ki, 2016-cı ildən başlayaraq biz bu təcrübəni Sumqayıt, Gəncə və həmin şəhərlərin ətrafında olan bir sıra rayonlara da tətbiq etməyə başlamışıq: "Məktəb direktoru olmaq üçün zəruri anket keyfiyyətlərinə malik olan, direktor olmaq istəyən hər bir şəxs müraciət edə bilər. İlkin seçim nəticəsində onlar universitetlərin təlim bazasında yaradılan 5 aylıq təlim proqramında iştirak edirlər. Bu təlimləri uğurla başa vuran namizədlər imtahan verir və müsahibə mərhələsindən keçir. Yalnız bu mərhələləri müvəffəqiyyətlə keçənlər məktəb direktoru təyin oluna bilər. Beləliklə, respublikanın ərazisini kifayət qədər böyük həcmdə - təxminən 50 faizə yaxın olan şəbəkəni əhatə edəcəyik. Bu, aparılan islahatların yalnız birinci mərhələsidir. Çünki ikinci mərhələdə bu prosesin əks mərkəzləşməsinə nail olmağa çalışacağıq. Sadə dillə desək, bu gün və hər zaman Azərbaycanda fəaliyyət göstərən təxminən 4500 məktəbin hər birinin direktorunu Təhsil Nazirliyi təyin edir. Ancaq təhsil naziri hər gün bir nəfəri qəbul etsə, təxminən 12-15 illik bir müddət olar. Bu, isə bir səmərəsizlik kimi görünür".

Mikayıl Cabbarov həmçinin onu da qeyd edib ki, hazırda dövlət başçısının sərəncamına uyğun olaraq, regionlarda maliyyə hesablaşma idarələrinin yaradılması prosesi gedir: "Bir neçə rayonda fəaliyyət göstərən şöbələr əsasında regional hesablaşma mərkəzləri yaradılır. Rayon təhsil şöbələri müdirlərinin təyinatı Rayon İcra hakimiyyətlərinin rəhbərləri tərəfindən Təhsil Nazirliyi ilə razılaşdırılmaqla həyata keçirilir. Gələcəkdə biz düşünürük ki, əgər regional təyinatlar Təhsil Nazirliyi tərəfindən həyata keçirilərsə, bura təyin olunan həmkarlar təhsil siyasətini, Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasından irəli gələn tələbləri bilən və seçilən adamlar olarlarsa, məktəb direktorlarının təyinatı da yerli səviyyədə baxılmalıdır. Bu təyinatlar Təhsil Nazirliyi tərəfindən deyil, regional səviyyədə həyata keçirilsin. O şərtlə ki, təyin olunan direktorlar bu ixtisaslaşmış təlimdən keçmiş, zəruri biliklərə malik insanlar olsun. Bu addımları atmaqla biz faktiki olaraq subyektivlik, mənfi amilləri aradan qaldırırıq və yalnız peşəkarlıq, bilik prinsiplərini əsas götürürük. Ona görə də islahatın birinci mərhələsini başa çatdırmışıq. Əminliklə deyə bilərik ki, bu gün hər bir məktəb direktorunun təyinatı tam şəffaf həyata keçirilir. İslahatın ikinci mərhələsində isə bu prosesi daha yeni səviyyəyə çatdırmaq niyyətindəyik".

Bütün xəbərlər Facebook səhifəmizdə