Bu gün Azərbaycan Dillər Universitetində (ADU) universitetin Kitabxana İnformasiya Mərkəzinin təşkilatçılığı ilə İngilis dilinin qrammatikası kafedrasının dosenti Səadət Nuriyevanın "Exercises on English Verbals" adlı dərs vəsaitinin təqdimat mərasimi keçirildi.
ADU-dan SİA-ya verilən məlumata görə, açılış edən İngilis dilinin qrammatikası kafedrasının professoru Edison Hacıyev Səadət Nuriyevanın yenicə çapdan çıxmış kitabı haqqında fikir söyləməyin onun üçün xoş olduğunu dedi. Elmi redaktoru olduğu kitab haqqında danışan E.Hacıyev dərs vəsaitində önəmli, eyni zamanda çətin anlaşılan mövzulara yer verilməsinə baxmayaraq müəllifin işin öhdəsindən məharətlə gəldiyini söylədi. O, tələbələrə və müəllimlərə dərs vəsaitinin imkanlarından istifadə etməyi tövsiyyə etdi, kitabın ərsəyə gəlməsi münasibəti ilə S.Nuriyevaya təbriklərini çatdırdı.
Sonra Səadət Nuriyeva kitab haqqında geniş məlumat verdi. O, kitabın oxucuya verə biləcəyi imkanlardan bəhs edərkən dərs vəsaitində felin təsriflənməyən formalarından-məsdər, cerund, indiki və keçmiş zaman feli sifətə aid müqayisəli tapşırıqların, tərcümə tapşırıqlarının yer aldığını dedi. O, dərs vəsaitində tapşırıqların izahı və cavablarının da öz əksini tapdığını vurğuladı, bunun da tədris prosesində tələbələrə yardımçı olacağına əminliyini ifadə etdi. Sonda S.Nuriyeva kitabın təqdimat mərasimində iştirak edən və ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkürünü bildirdi.
Təqdimat mərasimində iştirak edən Pedaqoji (ingilis dili-fransız dili) fakültənin dekanı, dosent Vəfa Babayeva, Linvokulturologiya kafedrasının müdiri, professor Məsməxanım Qazıyeva, İngilis dilinin leksikologiyası kafedrasının müdiri, dosent Amil Cəfərov kitabın nəfis tərtibata malik olduğunu söylədilər, materialların sistemli şəkildə qruplaşdırılmasının mövzunun asanlıqla qarvanılmasına şəraiti yaratdığını qeyd etdilər. Onlar müəllifi təbrik etdilər, uğurlarının davamlı olmasını arzuladılar.
Görüş kitabla bağlı müxtəlif sualların cavablandırılması ilə yekunlaşdı.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB