Universitetlər yeni təqaüd qaydalarına hazırdırmı?

Universitetlər yeni təqaüd qaydalarına hazırdırmı?

Prezident İlham Əliyevin ötən ilin noyabrın 10-da imzaladığı sərəncama əsasən ali məktəblərdə öz hesablarına, ödənişli təhsil alan tələbələr də təqaüd ala biləcəklər. Sərəncam 2016-ci ilin fevralın 1-də qüvvəyə minib. Ötən gün Nazirlər Kabineti bu sərəncamdan irəli gələn "Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə təqaüdlərin təyin olunması və ödənilməsi Qaydası"nı təsdiqləyib. SİA yeni qaydaların həyata keçirilməsi ilə bağlı universitelərin səlahiyyətli nümayəndələrinin fikirlərini öyrənib.

Azərbaycan Tibb Universitetinin (ATU) tədris şöbə müdiri Nəsimi Qasımov bildirib ki, universitet yeni qaydaların həyata keçirilməsinə tam hazırdır: "Prezident İlham Əliyevin ötən ilin noyabr ayında imzaladığı Sərəncama və Nazirlər Kabinetinin təsdiq etdiyi qaydalara görə ödənişli əsaslarla təhsil alan tələbələr təqaüd ala biləcək. Əvvəlki illərdə təqaüdü dövlət sifarişi ilə qəbul olanlar ala bilirdi. Lakin indi ödənişli oxuyanlar da təqaüddən yararlana biləcəklər. Tutaq ki, universitetin bir fakültəsində 100 nəfər dövlət sifarişi, 200 nəfər isə ödənişli əsaslarla oxuyur. Əgər həmin 100 nəfər semestri müvəffəq qiymətlə oxuyurdusa, o zaman təqaüd ala bilirdi. Lakin yeni qaydalarda semestr imtahanının nəticəsinə görə, kim yaxşı nəticə əldə edəcək, daha yüksək qiymət alacaqsa, onlar təqaüd ala biləcək. İmtahan zamanı orta müvəffəq göstərici deyilən rəqəm var ki, bütün tələbələrin semestr nəticələri buna əsasən hesablanır. Əgər bir ixtisas üzrə 100 nəfər təqaüd almalıdırsa, orada oxuyan tələblərin imtahan göstəriciləri yuxarıdan aşağıya hesablanır. İlk 100 tələbə təqaüd almaq imkanı qazanır. Bu 100 nəfərin içərisində həm ödənişli, həm də dövlət sifarişli əsaslarla qəbul olunan tələbələr ola bilər. Təqaüd alanlar da 3 qrupa bölünür. Bura əlaçılar, bütün qiymətləri əla və yaxşı, eləcə də kafi olanlar daxildir. Bu qaydalar yalnız əyani və Azərbaycan Respublikasının vətəndaşlarına aid olunur".

Azərbaycan Dillər Universitetinin kurikulum və keyfiyyətə nəzarət departamentinin müdiri Şəfəq Şahməmmədova söylədi ki, ADU-da təqaüdlər qış semestrindən yeni qaydalar əsasında veriləcək: "Əvvəl təqaüdlər yalnız dövlət hesabına oxuyan tələbələr üçün nəzərdə tutulurdu. Ödənişli tələbələr təqaüd ala bilməzdi. Lakin yeni qaydalara əsasən, təqaüd uğrunda mübarizə həm dövlət hesabına, həm də ödənişli əsaslarla oxuyan tələbələr arasında olacaq. Ola bilər ki, dövlət hesabına oxuyan tələbənin göstəriciləri, ödənişli əsaslarla oxuyan tələbədən daha aşağı olsun. O zaman yalnız göstəricilərə baxılacaq və fərq qoyulmadan yüksək nəticə göstərən tələbə təqaüdü ala biləcək. Hazırda yeni qaydalara görə, ümumi orta müvəffəq göstəriciləri hələ ki, proqramlaşdırılmayıb. Lakin semestr göstəriciləri ixtisas üzrə yuxarıdan aşağıya doğru sıralanacaq, ondan sonra nə qədər təqaüd yeri varsa, o qədər tələbə təqaüd alacaq. Bizim universitetdə qış semestrində tələbələr yeni qaydalar əsasən təqaüd ala biləcəklər".

Bütün xəbərlər Facebook səhifəmizdə