Azərbaycan Dillər Universitetində (ADU) universitetin Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinin dekanı, dosent Anar Nağıyevin təşkilatçılığı ilə Portuqaliyanın Lusofona Universitetinin nümayəndə heyəti adıçəkilən fakültənin tələbələri ilə görüşüb. ADU-dan SİA-ya verilən məlumata görə, görüşün məqsədi ADU-nun müəllim və tələbə heyətində portuqal dilinə maraq yaratmaq idi.
Qonaqları salamlayan Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinin dekanı, dosent Anar Nağıyev 8-16 fevral 2016-cı il tarixində Bakıda gerçəkləşən Beynəlxalq Multikulturalizm Qış Məktəbində iştirakı çərçivəsində onları ADU-da görməkdən şad olduğunu dilə gətirib. Sonra o, qonaqları iştirakçılara təqdim edib.
Portuqaliyanın Lusofona Universitetinin Beynəlxalq Əlaqələr Departamentinin direktoru, professor Teresa Damasio Azərbaycanda olmasından məmnunluğunu bildirib və qış məktəbinin uğurla fəaliyyət göstərəcəyinə əminliyini ifadə edib. Öz ölkəsinin tarixi, coğrafiyası, dili haqqında ətraflı məlumat verən qonaq təqdimatla çıxış edib. O, cənub yarımkürəsində ən çox danışılan dil portuqal dilinin dünya üzrə dördüncü yerdə qərarlaşdığını bildirib və bir sıra ölkələrin təhsil sistemində birinci xarici dil olduğunu sözlərinə əlavə edib. Professor Teresa Damasio Portuqal dilini öyrənənlərin avtomatik olaraq ispan dilini də öyrəndiyini, eyni zamanda italyan və fransız dillərini də başa düşdüyünü iştirakçıların diqqətinə çatdırıb. Portuqaliyanın Avropa Birliyində mühüm yer tutması və bir çox ölkələrlə əməkdaşlıq etməsindən danışan Teresa Damasio ölkəsinin müxtəlif beynəlxalq təşkilatların, xüsusilə Birləşmiş Millətlər Təşkilatı, NATO, Avropa Şurası, İqtisadi əməkdaşlıq və inkişaf təşkilatının bir hissəsi olduğunu və 1986-cı ildən Avropa Birliyinin üzvü seçildiyini bildirib. O, Portuqaliyanın beynəlxalq standartlara əsasən cinayət törətmənin aşağı səviyyəsi ilə təhlükəsiz ölkə hesab olunduğunu söyləyib. Təhsil sistemindən danışan professor dövlət ali təhsil institutlarının 14 universitet, 20 politexnik, 6 hərbi və polis təhsil müəssisələrindən, özəl ali təhsil müəssisə şəbəkəsinin isə 33 universitet və 54 politexnik ali təhsil müəssisəsindən ibarət olduğunu bildirdi. Universitetlərin zəngin kitabxana sisteminə malik olduğunu vurğulayan professor Teresa Damasio Koimbra Universitetinin Joanina Kitabxanasının dünyada ən görkəmli kitabxanalarından biri kimi tanındığını dilə gətirib.
Professor Portuqaliyanın dünyada məşhur futbolçuları, eyni zamanda Nobel mükafatı laureatına layiq görülən insanlar ilə tanındığını bildirdi. O, ölkəsinin sülhsevər və tolerant ölkə, insanlarının isə mehriban olduğunu dilə gətirib.
Görüş müzakirələrlə davam edib.
Qeyd edək ki, görüşdə Portuqaliyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Mariya Cardoso, Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinin tələbələri iştirak edib.
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB