AME-nin 50 illik yubileyi keçiriləcək

AME-nin 50 illik yubileyi keçiriləcək

Məlum olduğu kimi, Prezident İlham Əliyevin 24 noyabr 2015-ci il tarixli "Azərbaycan Milli Ensiklopediyasının 50 illik yubileyinin keçirilməsi haqqında" Sərəncamında AMEA, AR Təhsil Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyinə Azərbaycan Milli Ensiklopediyasının 50 illik yubileyinə dair Tədbirlər planının hazırlanıb həyata keçirilməsi tapşırılıb. SİA xəbər verir ki, AMEA Rəyasət Heyətinin bugünkü iclasında Azərbaycan Milli Ensiklopediyasının 50 illik yubileyinə dair Tədbirlər planının təsdiqi məsələsi müzakirə olunub.

Məsələ ilə bağlı çıxış edən AMEA-nın vitse-prezidenti, "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzinin direktoru, akademik Tofiq Nağıyev Azərbaycanda bütün bilik sahələrinə aid sistemli məlumatların toplandığı ilk ensiklopediyanın 1965-ci ilin dekabr ayında nəşr olunduğunu xartırladaraq, Tədbirlər planının hazırlanması üçün İşçi qrupunun yaradıldığını, müvafiq işlərin aparıldığını bildirib.

Əlaqədar təşkilatların iştirakı ilə hazırlanan Tədbirlər planı Rəyasət Heyətinə təqdim edilib. Rəyasət Heyətinin qərarına əsasən, Azərbaycan Milli Ensiklopediyasının 50 illik yubileyinin keçirilməsinə dair Tədbirlər planı təsdiq olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə