AMEA-nın İctimai Elmlər Bölməsinin hesabatı dinlənilib

AMEA-nın İctimai Elmlər Bölməsinin hesabatı dinlənilib

Fevralın 10-da Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib. SİA-nın verdiyi xəbərə görə, tədbirdə AMEA-nın İctimai Elmlər Bölməsi 2015-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinin yekunlarına dair hesabat verib.

Bölmənin akademik-katibi, AMEA-nın müxbir üzvü Nərgiz Axundova hesabat ilində bölməyə daxil olan institutların elmi və elmi-təşkilati sahədə fəaliyyəti haqqında məlumat verib. Bildirib ki, ötən il fəaliyyətə başlamış İctimai Elmlər Bölməsinin elmi müəssisələ­rində aparılan tədqiqatlar ölkənin inkişafı, ictimai-siyasi sabitliyi, maddi-mənəvi və milli dəyərlərinin qorunmasına, Azərbaycanın bey­nəl­xalq aləmə inteqrasiyasına istiq­a­mət­­lənib. N.Axundova qeyd edib ki, İctimai Elmlər Bölməsi tərkibinə görə AMEA-nın ən bö­yük struktur böl­­məsidir. Onun tərkibində 8 elmi-tədqiqat müəss­i­səsi, 1 muzey fəa­liy­­yət gös­tə­rir. Bölmə Res­publika Elmi Tədqiqatların Təşkili və Əla­qə­lən­di­ril­məsi Şu­ra­sının 3 prob­lem şu­rasına kuratorluq edir.

Hesabat ilində bölmə müəssisələri tərəfindən tədqiqatların dövlət proqramlarında göstərilən istiqamətlər üzrə aparıldığını bildirib.

2015-ci ildə Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən Azərbaycanın Quba-Xaçmaz bölgəsinin kəndlərində məskunlaşan və tarixi-etnoqrafik ədəbiy­yatda "Şahdağ xalqları" adı altında qruplaşdırılan etnosların tarixi, maddi və mənəvi mədəniyyəti, mənşəyi, etnik xüsusiyyətləri, yayılma arealları, adət-ənənələri, xalq inancları haqqında tarixi-etno­qrafik məlumatlar əldə etmək üçün onların kompakt ya­şa­dıqları kəndlərə etnoqrafik səfərlər təşkil olunub. İnstitutun əməkdaşlarından ibarət ekspe­disiya Qobustan rayonu ərazisində və dağətəyi Şirvan bölgəsində arxeoloji abi­dələ­ri, maddi-mədəniyyət nümunələrini CİS (Coğrafi İnformasiya Sistemləri) texnologiyaları vasitəsi ilə qey­diyyata alıb və ilkin ola­raq arxeoloji abidələr üzərində tədqiq olunan ərazinin elektron xəritəsini yaradıb. Bundan başqa, "Azərbaycan Respubliksı Prezidentinin Göytəpə Arxeoloji Parkı­nın yaradılması ilə bağlı bəzi tədbirlər haqqında" Sərən­ca­mına əsasən, institut tərəfindən müasir dünya standartlarına uyğun arxeo­park­la­rın yaradılması məqsədilə abidənin ətrafında qazıntılar aparlıb. Rayon­larda aparılan ge­niş miqyaslı arxeoloji tədqiqat işləri nəticəsində əvvəllər elmə məlum olmayan onlarla arxeoloji abidələr aşkar edilib.

A.A.Bakıxanov adına Tarix İnstitutunda "Azərbaycan tarixinin ümumi konsep­siyası" əsas elmi istiqamət üzrə elmi tədqiqat işləri aparıb. Bu təqdiqatlar tarix­şü­naslıq və mənbə­şü­nas­lıq, Azər­baycanın siyasi tarixi, sosial iqtisadi tarixi və digər istiqamətləri əhatə edib.

Akademik Z.Bünyadov adına Şərqşü­nas­lıq İnstitutunun 2015-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında məlumat verən N.Axundova institutda tamamlanmış işlərin Şərq ölkələrinin tarixi, iqtisadiyyatı, ictimai-siyasi vəziyyəti, Şərq ölkələri ilə Azərbaycanın əlaqələrinə, Şərq filologiyasının, Şərq ölkələri ilə Azərbaycanın filoloji əlaqələrinin tədqiqinə, Şərqin yazılı abidələrinin tədqiqi, tərcüməsi və nəşri, eləcə də Şərq-Qərb sivilizasiyalararası münasibət­lərinə həsr olunduğunu bildirib.

Fəlsəfə və Hüquq İnstitutunda müasir dövrdə dinşünaslığın nəzəri məsələləri, dinlərin tarixi və fəlsəfəsi, Azərbaycanda din və mədəniyyətin aktual problemləri araşdırılıb, elmi-idrakın və qlobalistikanın fəl­sə­­fi sosioloji və sosial-psixoloji məsələ­ləri, modernləşmənin sosioloji prob­lem­lə­­ri, gender tədqiqatları istiqaməti üzrə dünya və Azərbaycan fəlsəfə, ictimai fikir və mədəniyyət tarixinin ən aktual, mübahisəli məsələ­lərinin təhlili aparılıb.

İqtisadiyyat İnstitutunda 2014-2016-cı illəri əhatə edən innovasiyalara əsaslanan davamlı iqtisadi in­ki­şaf modelinin formalaşması və inkişafı, davamlı iqtisadi inkişafın təmin edilməsində makroiqtisadi və demoqrafik tən­zim­lə­mə, iqtisadi artımın keyfiyyəti, qeyri-neft sektorunun, sahibkarlığın və bey­nəl­xalq iqtisadi münasibətlərin inkişaf problemləri, insan potensialı və kapitalının formalaş­ma­sı, əha­li­nin səmərəli məşğulluğunun və yaşayış keyfiy­yətinin yaxşılaşdırılmasının, xid­mət sek­to­­runun inkişafının sosial-iqtisadi və demoqrafik problemləri, davamlı iqtisadi inkişafın təmin edilməsində regionların, kənd təsərrüfatının və aq­rar sa­hə­nin tarazlı inkişafının, təbii sərvətlərdən səmərəli istifadənin sosial-iqtisadi prob­­lem­lərinin tədqiqi problemləri üzrə elmi tədqiqat işləri davam etdirilib.

Hesabat dövründə İnsan Hüquqları İnstitutunda "Azərbaycan cəmiyyətində demokratik proseslərin inkişaf kontekstində insan hüquqları və əsas azadlıqları məsələləri" istiqaməti üzrə araşdırmalar davam etdirilib.

Milli Azərbaycan Tarixi Muzeyinin əmək­daş­la­rı Azərbaycan tarixinin bütün dövrlərinə aid maddi mədəniyyət abi­də­lərinin toplanması, mühafizəsi, tədqiqi, nəşri, onların ekspozisiya və sərgilər vasitəsilə nümayişi və təbliği istiqamətində ardıcıl işlər aparıb.

Akademik-katib vurğulayıb ki, hesabat ilində bölmənin institutlarında ümumilikdə 8 elmi istiqamətin 33 problemi üzrə 117 mövzuda və 271 iş üzərində elmi tədqiqatlar aparılıb. Cari ildə 117 mövzudan 26-sı, 271 işdən 196-sı tamamlanıb.

Məruzəçi tədbirdə bölmənin elmi müəssisələrinin kadr potensialından da danışıb. Bildirib ki, bölmə üzrə elmi müəssisələrdə 1419 əməkdaş fəaliyyət göstərir ki, onlardan 786-sı elmi işçi, 90-ı elmlər doktoru, 381-i isə fəlsəfə doktorudur. Bundan başqa, bölmənin 5 həqiqi üzvü və 19 müxbir üzvü var. Bölmə üzvləri 2015-ci il ərzində 69 konfransda iştirak edib. 6 nəfər dövlət tərəfin­dən təltiflərə layiq görülüb.

Daha sonra bölmənin mühüm elmi nəticələri haqqında məlumat verən Nərgiz Axundova bildirib ki, bölmə əməkdaşlarının 229-u xaricdə olmaqla, ümumilikdə 1029 məqaləsi, 160-ı xaricdə olmaqla 293 tezisi nəşr olunub. 8-i xaricdə olmaqla 114 kitab çapdan çıxıb. İnstitutların əməkdaşlarının 32 məqaləsi impakt faktorlu jurnallarda çap olunub, elmi işçilərin əsərlərinə 322 dəfə istinad edilib.

Ötən il AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunda ali təhsilin magistratura pilləsi yaradılıb və antropologiya ixtisası üzrə qəbul aparılıb.

Hesabat ilində İctimai Elmlər Bölməsinin demək olar ki, bütün institut və təşkilatlarında ali məktəblərin tələbə və müəllim kollektivi təcrübə kursları keçib.

Nərgiz Axundova 2015-ci ilin elmi tədqiqat planına uyğun olaraq bölməyə aid olan müəssisələrin mühüm nəşrlərindən və sərgilərdən danışıb. Bildirib ki, ötən ilin 14-18 may tarixlərində İtaliyanın Türin şəhərində təşkil olunan kitab sərgisin­də A.A.Bakıxanov adına Tarix İnstitutunun italyan dilinə tərcümə olunmuş mükəmməl elmi nəşrlərindən olan iki əsəri: "İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürül­məsi" və AMEA-nın müxbir üzvü Yaqub Mahmudovun müəllifi olduğu Azərbaycan və Avropa" monoqrafiyası nümayiş olunub.

2015-ci ildə akademik Ramiz Mehdiyevin "Tarixi idrakın elmliyi problemlərinə dair", "Dağlıq Qara­bağ: məxəzlərdən oxunmuş tarix", "Dünya nizamından nizamsızlığa doğru. Avropa strukturlarının deqradasiyasının mənbələri haqqında və ya Azərbaycana münasibətdə ikili standartlar siyasəti" və digər kitabları, Akademik Nailə Vəlixanlının "Naxçıvanın VII-XII əsrlər dövrü tarixdə və ta­rixşü­naslıqda" kitabı və AMEA-nın müxbir üzvü Yaqub Mahmudovun italyan, ispan, ingilis və rus dillərində 6 kitabı çapdan çıxıb.

Tədbirdə bölmənin beynəlxalq əlaqələr sahəsində fəaliyyətindən də söz açan məruzəçi elmi müəssisələrin ABŞ, Rusiya, Türkiyə, Fransa, Yaponiya, Avstraliya, Litva, Gürcüstan və digər xarici ölkələrin universitet və elm mərkəzləri ilə əməkdaşlıq etdiyini, layihələrinə görə Azərbaycan Respublikasının Prezi­denti yanında Elmin İnkişafı Fondundan qrantlar aldığını vurğulayıb.

Məruzə dinlənildikdən sonra İctimai Elmləri Bölməsinin 2015-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatının təsdiq edilərək Akademiyanın illik hesabatına daxil edilməsi barədə qərar verilib. Bölməyə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin AMEA-nın 70 illik yubile­yi­nə həsr olunmuş Ümumi yığıncaqdakı nitqindən irəli gələn vəzifələrin ictimai elmlər sahəsində tədqiqatların aparılması istiqamətində mühüm proqram kimi qəbul edilməsi barədə tapşırıqlar verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə