Xeyirxah və sevimli Nadir müəllim

Xeyirxah və sevimli Nadir müəllim

5 fevral tarixində səmimi insan, gözəl pedaqoq, minlərlə tələbənin sevimlisi Nadir müəllim həyatının yeni yaşına qədəm qoyur. O, XXI əsrin ilk illərində ali təhsil almağa başladığım Bakı Dövlət Universitetində tanıdığım ilk müəllimlərdəndir. 16 il ərzində Nadir müəllimi həm müəllim, həm səmimi dost, xeyirxah və sadə insan, həm ata qayğısı ilə tələbələrinin təəssübünü çəkən, onlara təkcə Universitetdə deyil, sonrakı iş həyatında da dəstək olan, hər zaman köməyə çatan təvazökar və ədalətli insan kimi tanımışam.

Dəyərli alim Nadir İslam oğlu İsmayılov 1956-cı il fevral ayının 5-də Beyləqan rayonunun Əmirzeyidli kəndində anadan olmuşdur. 1973-cü ildə Şahsevən kənd 1 saylı orta məktəbi bitirərək 1974-cü ildə BDU-nun Kitabxanaşünaslıq-biblioqrafiya fakültəsinə daxil olmuş, əla qiymətlərlə oxuduğuna görə C.Cabbarlı adına təqaüdə layiq görülmüş, 1979-cu ildə oranı fərqlənmə diplomu ilə bitirmişdir. 1979-cu ilin sentyabr ayının 5-dən dekabr ayının 30-dək M.F. Axundov adına Azərbaycan Respublika Dövlət Kitabxanasının (indiki Azərbaycan Milli Kitabxanası) Elmi-metodiki şöbəsində böyük kitabxanaçı vəzifəsində çalışmışdır. 1979-1982-ci illərdə BDU-nun Biblioqrafiyaşünaslıq kafedrasının əyani aspirantı olmuşdur.

Pedaqoji fəaliyyətə 1982-ci ildən BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsində Biblioqrafiyaşünaslıq kafedrasının müəllimi kimi başlamışdır. 1987-ci ildə Moskva Dövlət Mədəniyyət və İncəsənət Universitetində "Təbabət üzrə məhəlli kitabxana-biblioqrafiya ehtiyatlarının inkişafı, müasir vəziyyəti və təkmilləşdirilməsi yolları (Azərbaycan materialları əsasında)" mövzusunda dissertasiya işini Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi, professor Zöhrab Əliyevin rəhbərliyi altında müdafiə edərək pedaqoji elmlər namizədi alimlik dərəcəsi aldıqdan sonra 1992-ci ildən dosent kimi Azərbaycanda təbabətin biblioqrafiyası, biblioqrafiyaşünaslıq, biblioqrafiyaşünaslığın tədrisi metodikası, soraq biblioqrafiya xidmətinin təşkili və idarə olunması və başqa fənləri tədris edir. 3 monoqrafiya, 9 kitab, 150-yə yaxın məqalənin müəllifidir. Bunlardan "Xəzər dənizi və neft" (2003), "Kitabxanada biblioqrafik tərtibatın metodikası" (2004), "Heydər Əliyev və Azərbaycan elmi" (2010), "Kitabxanada ölkəşünaslıq üzrə biblioqrafik fəaliyyətin təşkili" (2004) adlı kitablar xüsusilə əhəmiyyətlidir.

Əməksevər və zəhmətkeş alim həyatının 30 ildən çoxunu kitabxanaşünaslıq-biblioqrafiya elminin inkişafına, çiçəklənməsinə həsr edərək, təkcə Azərbaycanda deyil, dünya miqyasında tanınmış biblioqraf alim kimi şöhrət qazanmışdır. Əsas tədqiqat sahəsi Azərbaycanın kitabxana-biblioqrafiya resursları, onların yerləşməsi və istifadəsi məsələləri, Azərbaycan biblioqrafiyasının tarixi, nəzəri-metodiki və təşkilati problemləri olan alim ilk dəfə olaraq Azərbaycanda biblioqrafiyanın biblioqrafiyası sahəsində çox mühüm tədqiqatlar apararaq, 2003-cü ildə "Azərbaycan biblioqrafiyasının biblioqrafiyası" adlı sanballı biblioqrafik əsər çap etmişdir.

Çox az alimlərimizin nəşrləri beynəlxalq miqyasda dünyanın akademik nəşriyyatları tərəfindən çap olunur. 2013-cü ildə Almaniyanın "Lambert" akademik nəşriyyatında "Azərbaycanın kitabxana-biblioqrafiya və informasiya resursları: inkişaf mərhələləri, vəziyyəti və təkmilləşdirilməsi yolları" adlı monoqrafiyanın (rus dilində) çap olunması Nadir müəllimin Azərbaycan biblioqrafiyaşünaslığının inkişafı və dünyaya tanıtdırması sahəsində göstərdiyi böyük xidmətlərdəndir.

Nadir İsmayılov səmərəli elmi və pedaqoji fəaliyyəti ilə yanaşı, həm də gözəl təşkilatçılıq və idarəçilik keyfiyyətlərinə malik bir insandır. Müxtəlif fasilələrlə 1994-2003-cü illərdə Kitabxanaçılıq-informasiya fakültəsində dekan müavini vəzifəsində çalışmış, 2007-ci ildən Biblioqrafiyaşünaslıq kafedrasının müdir əvəzi olmuş, 2012-ci ildə kafedra müdiri vəzifəsinə

təyin olunmuşdur. Bir sıra respublika və beynəlxalq konfranslarda iştirak etmişdir. Onun elmi məsləhətçiliyi ilə iki fəlsəfə doktoru hazırlanmış, onlarla bakalavr və magistr diplomu müdafiə olunmuşdur. Azərbaycan kitabxanaşünaslıq və biblioqrafiya elminin inkişafında, bir pedaqoq kimi tədris fəaliyyətində göstərdiyi xidmətlərə görə respublikanın Təhsil Nazirliyi tərəfindən "Qabaqcıl Təhsil İşçisi" döş nişanı, Fəxri fərmanı və Bakı Dövlət Universitetinin Fəxri fərmanı ilə təltif olunmuşdur. 2014-cü ildə BMT yanında Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının həqiqi üzvü seçilmişdir.

Hörmətli Nadir müəllim, Sizin sevimli tələbəniz olaraq 60 yaşınızı ürəkdən Təbrik Edir, Sizə möhkəm cansağlığı, yaradıcılıq uğurları, bütün işlərinizdə müvəffəqiyyətlər diləyirəm. Azərbaycan elminin inkişafında daha böyük uğurlarınızı görmək arzusu ilə 100 Yaşayasınız!

Adilə Abdullayeva,

AMEA-nın doktorantı

Bütün xəbərlər Facebook səhifəmizdə