AMEA-nın Mərkəzi Elmi Kitabxanasında dəyirmi masa keçiriləcək

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında dəyirmi masa keçiriləcək

Azərbaycan Respublikasında fiziki imkanları məhdud insanların cəmiyyətə inteqrasiyası, onların sosial təminatı, həmçinin inkluziv təhsilləri ilə əlaqədar önəmli işlər görülür. SİA-nın verdiyi xəbərə görə, bütün bu işləri nəzərə alaraq fevralın 9-da Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında AMEA-nın İnsan Hüquqları İnstitutu və Moskva Dövlət Humanitar-İqtisadi Universitetinin birgə təşkilatçılığı ilə "Rusiya-Azərbaycan: əlverişli mühitdən inkluziv cəmiyyətə doğru" mövzusunda Dəyirmi Masa keçiriləcək.

Görüşdə ölkəmizdə fiziki imkanları məhdud şəxslərin təhsilə inteqrasiyasının problem və perspektivləri, onların işlə təmin olunması, xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsil almaları üçün şəraitin yaradılmasında beynəlxalq təcrübədən faydalanmaq, nəzəriyyə və təcrübə vasitəsi ilə onların icbari məktəbəqədər təhsilə, həmçinin müəyyən bacarıqlara yiyələnmək imkanları müzakirə olunacaq. Ümumilikdə bu sahədə görülən işlərin səmərəliliyinə, mövcud problemlər, onların həlli yollarına və bu istiqamətdə meydana gələn digər məsələlərə aydınlıq gətiriləcək.

Tədbirdə Rusiya Federasiyasının Təhsil və Elm Nazirliyindən və ali təhsil müəssisələrindən nümayəndələr, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları, fiziki imkanları məhdud insanlarla iş sahəsində təcrübəsi olan qeyri-hökümət təşkilatlarından mütəxəssislər və alimlər iştirak edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə