"Sivil cəmiyyətdə insanlar arasında münasibətlər hansı etik normalara əsasən qurulursa, məktəbdə müəllim-şagird münasibətləri də o cür qurulur. Belə ki, sivil cəmiyyətdə münaqişə normal haldır. Əslində münaqişənin olmaması narahatlıq doğurmalıdır. Bu gün müzakirə obyekti müəllim-şagird münaqişələrində narahatlıq yaradan məsələ münaqişələrin məzmunu və formasıdır. Müəllimin peşə mövqeyi tələb edir ki, o, münaqişədə uşağın mənafeyini gözləsin". SİA xəbər verir ki, bu fikirlər Təhsil Nazirliyinə göndərdiyimiz sorğunun cavabında öz əksini tapıb.
Nazirlikdən sorğumuza cavab olaraq göndərilən məlumatda bildirilib ki, bu gün məktəbdə yaranan münaqişələrin xeyli hissəsi şagirdlərin davranış xüsusiyyətləri ilə bağlıdır: "Müəllimlər şagirdlərin qeyri-adekvat davranışlarından narazıdırlar. Amma müəllimlərimiz bir həqiqəti anlamalıdırlar ki, pozitiv davranış vərdişlərini tərbiyə etmək valideynlərlə yanaşı, müəllimlərin də vəzifə borcudur. Tərbiyə etmək başqa sözlə elə bu deməkdir: uşaqda pozitiv davranış vərdişləri formalaşdırmaq. Pozitiv vərdişlər isə bir-iki gün ərzində yaranmır. Bunun üçün vaxt, səbir və düzgün psixoloji yanaşma lazımdır. Müşahidə və araşdırmalar müəyyən edib ki, bu gün müəllimlərimizin sinfin idarəedilməsi və uşaq psixologiyası barədə bilik və bacarıqları qənaətbəxş deyil. Bu səbəbdən müəllim vəziyyəti idarə edə bilmir. Eyni səhvləri mütəmadi təkrar edir. Eyni şablon ifadələri və davranışları təkrar edərək, fərqli bir nəticə alacağına inanır. Müəllim konstruktiv ünsiyyət və əməkdaşlıq metodlarından istifadə etməyi öyrənməlidir. Onu da qeyd edək ki, dərslərin monoton, yorucu forması şagirdləri qeyri-adekvat hərəkətlərə təhrik edən güclü faktordur. Maraqlı və dinamik dərs zamanı şagirdin nadinclik etməyə vaxtı olmur, o, daha cəlbedici işlə məşğul olur. Müəllimlərimiz hələ də oxumaq, yazmaq, məzmunu danışmaq kimi işləri dərsin özəyi sayırlar. Halbuki güclü öyrənmə alətləri var: adi müşahidə, təcrübə aparmaq, mübahisə etmək, mübahisədə arqumentlər irəli sürmək, başqasının arqumentinə kontr-arqument fikirləşmək və s. Başqa bir səbəb emosional intellektin inkişafına həm məktəbdə, həm də ailədə lazımi diqqətin ayrılmamasıdır. Sadə şəkildə desək, emosional intellekt insanın öz hisslərini anlamaq və idarə etmək bacarığıdır. Kimdəsə bu bacarıq anadangəlmə ola bilər, amma adətən onu inkişaf etdirmək lazımdır. Bir çox münaqişələrin səbəbi insanların öz hisslərini anlamaması və idarə edə bilməməsidir. Münaqişə müəllimin və şagirdin gözü ilə çox zaman xeyli fərqli olur. Burada adətən müəllim uşağın hisslərini başa düşmür. Uşaq isə hisslərini idarə edə bilmir. Məktəbdə münaqişə zamanı başqa şagirdlər müşahidəçilərdən iştirakçılara çevrilirlər. Münaqişə onlar üçün də tərbiyəvi əhəmiyyət kəsb edə bilər. Bunu müəllim mütləq yadda saxlamalıdır. Münaqişənin həlli zamanı səhv edən müəllim yeni münaqişələr yaradır və bura yeni şagirdlər cəlb edir. Hələ konfliktologiya elmi yaranmamışdan əvvəl müdrik insanlar həyat təcrübəsi əsasında belə qənaətə gəlmişdilər ki, "Münaqişə edənlər arasında haqsız daha ağıllı olandır." Ağıllı insan həm öz mənafeyini, həm də işin mənafeyini münaqişə yaratmadan müdafiə etməyi bacarmalıdır. Bu mövqedən baxsaq, müəllim-şagird münaqişəsində də haqsız müəllimdir. Şagirdin həyat təcrübəsi, bilik səviyyəsi, ünsiyyət və əməkdaşlıq bacarıqları müəllimə nisbətən daha azdır. Müəllim münaqişədən yuxarıda durmağı və şagirdlərlə yaranan bütün təbii və qaçılmaz problemləri neqativ emosiyalarsız, hərdən yumor hissi ilə qarşılamağı bacarmalıdır".
Həmçinin qeyd olunub ki, müəllim, valideyn və şagird məktəbin Nizamnaməsi ilə tanış olmalı və onu qəbul etməlidir: "Həmin Nizamnamə həm müəllim, həm valideyn, həm də şagirdlərin hüquq və vəzifələrini təsbit edir. Şagird cəzalandırıla bilər və islaholunmaz hərəkətlərinə görə cəzalandırılmalıdır. Lakin cəzalandırmanın sivil üsulları vardır. Sivil cəzalandırma üsulları uşaqda pozitiv davranış vərdişlərinin yaranmasına təkan verə bilər. İnsan ləyaqətini alçaldan fiziki və emosional zorakılıq isə yolverilməzdir. Hazırda məktəb rəhbərləri üçün bu mövzuda seminarlar keçirilir, görüləcək işlərin təxmini alqoritmi tövsiyə edilir. Məktəb nizamnaməsinin müddəalarının rəhbər tutulması, müəllimlərin peşəkarlığının artırılması, məktəbdə psixoloji xidmətin işinin canlandırılması, emosional intellektin inkişaf etdirilməsinə diqqətin artırılması, valideynlər üçün maarifləndirmə kampaniyalarının təşkili və s. vacib işlərdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB