Müəllim-şagird münasibətlərində nələr baş verir? ARAŞDIRMA

Müəllim-şagird münasibətlərində nələr baş verir? ARAŞDIRMA

Son günlər mediada bəzi müəllimlərin şagirdlərə fiziki təzyiq göstərmələri, yaxud şagirdlərin müəllimlərə qarşı tərbiyəsiz və hörmətsiz davranmalarını əks etdirən videogörüntülər yayımlanır. Məlumdur ki, belə hallar bütün təhsil sisteminə aid deyil. Ancaq bu görüntülər ölkə mediasının gündəmindən düşmür, cəmiyyət arasında geniş müzakirələrə səbəb olur.

Bütün bunları nəzərə alaraq, SİA ölkəmizdə müəllim-şagird münasibətləri, müəllimlərin şagirdlərlə rəftar qaydaları haqda araşdırma aparıb. Araşdırmamızda təhsil sahəsində tanınmış, öz işinin peşəkaları olan şəxslərin fikirlərinə və Təhsil Nazirliyinin sorğumuza verdiyi rəsmi cavaba istinad etmişik.

XX əsrin ortalarında ölkəmizdə mövcud olan təhsil sistemində formalaşmış müəllim-şagird münasibətləri, indikindən fərqli idi. Düzdür, o zamanlar da yüzlərlə savadlı Azərbaycan gənci yetişib. Ancaq müstəqil dövlətimiz qurulduqdan sonra təhsil sistemimizdə təkmilləşdirmə işləri həyata keçirilib, islahatlar aparılıb. Bu islahatlardan sonra, təbii ki, müəllim-şagird münasibətlərində də dəyişiklik olub. Hazırda orta məktəb şagirdləri öncələr olduğu kimi, müəllimdən qorxmur. Bu münasibətlər qarşılıqlı hörmət, anlayış üzərində qurulub. Şagirdə fiziki üsullarla cəza vermək isə qəbul olunmazdır.

Hazırda müəllim-şagird münasibətləri necə qulmalıdır ki, iki tərəf arasında hər-hansı problem yaşanmasın?

"Əsəbi insanı şagirdlərə dərs keçmək üçün auditoriyaya buraxmaq olmaz"

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Kamilə Əliyeva saytımıza açıqlama verərək deyib ki, müəllimin şagirdə qarşı xoş niyyətli olmayan hərəkəti onun daşıdığı ülvi ada yaraşmır. Millət vəkili qeyd edib ki, müəllimin şagirdə fiziki təzyiq göstərməsi və yaxud şagirdin müəllimlə tərbiyəsiz, hörmətsiz davranması nadir hallarda olsa da bu, qəbuledilməzdir: "Şagirdlərdə belə halları ilk öncə ailə ilə əlaqələndirirəm. Uşaqların ailədə düzgün tərbiyə olunması vacib şərtlərdəndir. Uşaqlara nəinki müəllimlər, bütün insanlara qarşı düzgün rəftarlar aşılanmalıdır. Müəllimlər isə psixoloji cəhətdən şagirdlərlə işləməyə hazır olmalıdırlar. Onlar psixoloqlardan keçməlidirlər. Əsəbi insanı şagirdlərə dərs keçmək üçün auditoriyaya buraxmaq olmaz. Şagirdə dərs oxumadığına görə və yaxud başqa səbəbdən əl qaldırmaq yolverilməzdir. Təhsil haqqında qanun var. Müəllim qanunvericiliklə müəyyən edilmiş cinayət tərkibli hərəkətlərə yol veribsə, qanunda nəzərdə tutulduğu kimi cəzalandırıla bilər. Ancaq müəllim və şagird arasındakı münasibətlərin hər bir kiçik detalını qanunvericilikdə axtarmaq da düzgün deyil. Mən şagirdə yüngül əl qaldırmağın belə əlehinəyəm. Şagirdi döymək, qorxutmaqla heç nəyə nail olmaq olmaz. Ona görə, ali məktəblərdə müəllimlərə uşaq psixologiyası, ümumi psixologiya, şagirdlərə yanaşma tərzi, lazımsız hərkətlərin qarşısının alınmasının düzgün yolları, onları ələ almaq öyrədilir. Şagirdlərin dünyagörüşü, təfəkkürü hələ tam formalaşmamış olur. Ona görə onları hansı tərəfə yönəltsən, o tərəfə gedəcəklər".

"İsti və insani davranış həmişə müəllim-şagird münasibətlərində mehribanlıq və səmimiliyi formalaşdırır"

Azərbaycan Respublikasının əməkdar müəllimi, təhsil eksperti Almaz Həsrət isə qeyd edib ki, yeni nəsil təhsil alanlarla çalışmaq üçün müasir təhsil sistemində işləyən müəllimlərin üzərinə çox böyük məsuliyyət və zəhmət düşür: "Çünki indiki şagirdlər 30 il öncə parta arxasında əyləşən, ənənəvi üsulla tədris alan şagirdlər deyil. İndiki təhsilalanlar texnologiya ilə bərabər dünyaya göz açıqlarına görə çox zaman ənənəvi olaraq, mühazirə və sinifdaxili keçirilən tədbirlərdə iştirakdan uzaqlaşmağa meyllənirlər. Müəllim-şagird münasibətləri, ailədaxili valideyn-övlad münasibətinə bərabərdir. Ailədə övladın davranışı necədirsə, məktəbdə də eynilə elə olur.

Bu sözləri təhsilverənlərə də şamil etmək lazımdır. Müəllim ailədə necədirsə, məktəbdə də elə olur. Amma bir fərq var, hər müəllim aqressiv olduğunu şagird qarşısında göstərmir. Bəzən lap əsəbi olsa belə, sinifə daxil olan əsl yaradıcı müəllim bütün ailədaxili problemlərini unudaraq, normal dərs keçir. İradəcə möhkəm olan, əqidəcə təmiz və mərhəmətli müəllim həmişə şagirdlər tərəfindən çox sevilir".

Əməkdar müəllim bildirib ki, bəzi ailələrdə psixoloji mühit tam sağlam oldmadığına görə şagirdlərdə müxtəlif problemlər yaranır: "Problemlərin yaranmasının birinci səbəbi bəzi şagirdlərin ailələrində psixoloji mühitin tam sağlam olmamasıdır. İkinci səbəb isə dəsrlərin onların marağına uyğun keçirilməməsidir. Üçüncüsü, şagirdlər məktəbdə əllərində olan texnologiyalardan (informasiya kommunikasiya texnologiyaları-red) düzgün istifadə etmə mədəniyyətinə malik deyillər.

Ailələrin natamam olması, evdə olan sosial gərginliklər, ailədaxili valideynlərarası mübahisələr, ailədəki böyüklərin bir-birinə soyuqluqları, məktəblərin həmin ailədən olan uşaqların valideynləri ilə çox az hallarda qarşılıqlı ünsiyyəti və s. bu kimi neqativ hallara gətirib çıxarır".

A.Həsrət vurğulayıb ki, əsl müəllim şagirdlərə ilk növbədə ədəbli və mədəni davranma qaydasını öz nümunəsi ilə göstərməlidir. Bildirib ki, müəllim-şagird münasibəti çox həssas münasibət olduğundan baş vermiş olaylarda birtərəfli qərar vermək doğru olmaz.

Ekspertin sözlərinə görə, şagirdlərə nəinki məktəbdə, hətta ailədə də telefondan düzgün istifadə qaydaları öyrədilməlidir: "Məktəbə gələrkən telefonları qoymaq üçün ayrıca yer olmalıdır. Yaxud sinif rəhbərləri telefonları toplamalı, dərs bitdikdən sonra şagirdlərin özlərinə qaytarmalıdır ki, evə dönmələri barədə ailə üzvlərinə xəbər verə bilsinlər".

O bildirib ki, əgər müəllimin daxilində Vətənə, torpağa bağlılıq, mərhəmətlik, dürüstlük, həyata sevgi kimi keyfiyyətlər varsa, o zaman bütün problemlər çox asan həll olunar: "İsti və insani davranış həmişə müəllim-şagird münasibətlərində mehribanlıq və səmimiliyi formalaşdırır. Sözügedən keyfiyyəti formalaşdırmaq kurslara, seminarlara, konfranslara qatılıb, oradan sertifikat almaqla deyil, bunu daxilən qazanmaq lazımdır".

Fərqli düşüncə...

"Başqa pedoqoji üsullar kömək etməyəndə, müəllimin şagirdə verdiyi "qulaqburma" dövlət mənafeyinə uyğun və xoş niyyətli olur"

Təhsil eksperti, professor Şahlar Əsgərov isə klassik təhsil sistemində fiziki cəza olduğunu və bunun cinayət sayılmadığını deyib: "Güman edirəm ki, "qulaqburma olmaz" tezisi bizim tarixi-pedoqoji təfəkkürün məhsulu deyil, xaricdən gələn ideoloji müddəadır. Keçmiş zamanlar atalar uşalarını müəllimə təhvil verəndə, "əti sənin, sümüyü mənim" - deyərdilər. Biz isə müəllimi cəzalandırmaq üçün sanki girəvə gözləyirik".

Professor son zamanlar mediada yayılmış videogörüntülərə münasibət bildirib: "Sumqayıtda, sonra da digər məktəblərdə baş vermiş "müəllim-şagird" münaqişəsi düzgün yayımlanmadı. Məktəbdə münaqişə o zaman baş verir ki, müəllim öz məsuliyyətini anlayır, şagird isə anlamır. KİV-lər, TV-lər məsələni düzgün olmayan insanlardan soruşurlar. Nəticədə cəmiyyətə ötürülən məlumatlar ziddiyətli, çox vaxt şablon düşüncənin məhsulu olur və çaşqınlıq yaradır.

Savadlı olmağın resepti bütün dövlətlər üçün eyni deyil. Çünki dünya dövlətlərində düşüncə eyni deyil. Düşüncə müxtəlif olduğundən eyni hadisəyə baxış da müxtəlifdir. Təhsildə "qulaqburması" da bir ölkədə cinayət sayıla bilər, digərində isə yox. Bu fərqləri doğuran səbəblər var.

Misal üçün, Avstriya ilə Çexiyanın təhsilini müqayisə edib, uğurları bölüşmək və ya qüsurları aradan qaldırmaq olar. Çünki oxşar düşüncəyə, iqtisadiyyata və mədəniyyətə malikdirlər. Ancaq Gürcüstanın təhsilini Avstriyanın təhsili ilə müqayisə etmək olmaz. Çünki fərqli düşüncəyə, iqtisadiyyat və mədəniyyətə sahibdirlər.

ABŞ-ın bir çox ştatlarında, Sinqapurda, Cənubu Koreyada təhsildə cəza verməyə bu gün də qadağa yoxdur. Ona görə ki, qorxunun müalicə etmə xassəsi var. Bunu din də, qüdrətli dövlətin varlığı da, beynəlxalq təcürbə də deyir".

Ş.Əsgərov qeyd edib ki, inkişaf etmiş ölkələrdə təhsil dərk edilmiş həqiqətdir: "Yəni məktəbdə hər iki tərəf təhsilə şüurla yanaşır və hikmətini dərindən dərk edir. Gənclər istədiyi müəllimləri, sinifləri, fənləri seçdiklərinə görə, həvəslə dərsə gedir, öyrənir və dərsdən yayınmırlar. "Qulaqburma"ya heç ehtiyac da qalmır".

Ekspert bildirib ki, başqa pedoqoji üsullar kömək etməyəndə, müəllimin şagirdə verdiyi "qulaqburma" dövlət mənafeinə uyğun və xoş niyyətli olur.

"Müəllim şagirdə səbrlə yanaşmalıdır"

Ümumrusiya Peşəkar Psixoterapevtler Liqasının üzvü, psixoloq Elnarə Eminova şiddət görən şagirdlərin psixoloji zərbələrə məruz qaldığını vurğulayıb: "Şiddət görən şagirdlərdə ilk növbədə özünə güvənsizlik, zəiflik yaranır, qarşı tərəfə aqressiv münasibət formalaşır. Nəticədə həmin şagird qeyri-adekvat davranış irəli sürür. Şagirdin əzilməsi və gördüyü şiddət onu gələcəyin cinayətkarına çevirir. Belə şagirddə birbaşa özünəqapanma və depresiya halları yaranır".

Psixoloq bildirib ki, nə olursa olsun, müəllim şagirdə səbrlə yanaşmalıdır: "Məktəblərdə psixoloqun fəaliyyət göstərməsi çox önəmlidir. Bu cür şiddətin, münaqişənin baş verməməsi üçün məktəb psixoloqları mütəmadi şəkildə heç olmasa, ayda bir dəfə uşaqlarla görüşüb, onlar arasında psixoloji testlər keçirməli, hazırki durumları ilə maraqlanmalıdırlar. Çünki hər bir şagird müxtəlif ailələrdən gəlir və müəyyən problemlər yaşayırlar".

Nazirlik: "Bu gün müəllimlərimizin sinfin idarəedilməsi və uşaq psixologiyası barədə bilik və bacarıqları qənaətbəxş deyil"

Mövzu ilə bağlı Təhsil Nazirliyinə rəsmi sorğu ilə müraciət etdik. Nazirlikdən sorğumuza cavab olaraq göndərilən məlumatda bildirildi ki, sivil cəmiyyətdə insanlar arasında münasibətlər hansı etik normalara əsasən qurulursa, məktəbdə müəllim-şagird münasibətləri də o cür qurulur: "Sivil cəmiyyətdə münaqişə normal haldır. Əslində münaqişənin olmaması narahatlıq doğurmalıdır. Bu gün müzakirə obyekti olan münaqişələrdə narahatlıq yaradan məsələ münaqişələrin məzmunu və formasıdır. Müəllimin peşə mövqeyi tələb edir ki, o, münaqişədə uşağın mənafeyini gözləsin. Bu gün məktəbdə yaranan münaqişələrin xeyli hissəsi şagirdlərin davranış xüsusiyyətləri ilə bağlıdır. Müəllimlər şagirdlərin qeyri-adekvat davranışlarından narazıdırlar. Amma müəllimlərimiz bir həqiqəti anlamalıdırlar ki, pozitiv davranış vərdişlərini tərbiyə etmək valideynlərlə yanaşı, müəllimlərin də vəzifə borcudur. Tərbiyə etmək, başqa sözlə elə bu deməkdir: uşaqda pozitiv davranış vərdişləri formalaşdırmaq. Pozitiv vərdişlər isə bir-iki gün ərzində yaranmır. Bunun üçün vaxt, səbir və düzgün psixoloji yanaşma lazımdır".

Məlumatda həmçinin qeyd olunur ki, müşahidə və araşdırmalar bu gün müəllimlərimizin sinfin idarəedilməsi və uşaq psixologiyası barədə bilik və bacarıqlarının qənaətbəxş olmadığını müəyyən edib: "Bu səbəbdən müəllim vəziyyəti idarə edə bilmir. Eyni səhvləri mütəmadi təkrar edir. Eyni şablon ifadələri və davranışları təkrar edərək, fərqli bir nəticə alacağına inanır. Müəllim konstruktiv ünsiyyət və əməkdaşlıq metodlarından istifadə etməyi öyrənməlidir. Onu da qeyd edək ki, dərslərin monoton, yorucu forması şagirdləri qeyri-adekvat hərəkətlərə təhrik edən güclü faktordur. Maraqlı və dinamik dərs zamanı şagirdin nadinclik etməyə vaxtı olmur, o, daha cəlbedici işlə məşğul olur. Müəllimlərimiz hələ də oxumaq, yazmaq, məzmunu danışmaq kimi işləri dərsin özəyi sayırlar. Halbuki güclü öyrənmə alətləri var: adi müşahidə, təcrübə aparmaq, mübahisə etmək, mübahisədə arqumentlər irəli sürmək, başqasının arqumentinə kontr-arqument fikirləşmək və s.

Başqa bir səbəb emosional intellektin inkişafına həm məktəbdə, həm də ailədə lazımi diqqətin ayrılmamasıdır. Sadə şəkildə desək, emosional intellekt insanın öz hisslərini anlamaq və idarə etmək bacarığıdır. Kimdəsə bu bacarıq anadangəlmə ola bilər, amma onu inkişaf etdirmək lazımdır. Bir çox münaqişələrin səbəbi insanların öz hisslərini anlamaması və idarə edə bilməməsidir. Münaqişə müəllimin və şagirdin gözü ilə çox zaman xeyli fərqli olur. Burada adətən müəllim uşağın hisslərini başa düşmür. Uşaq isə hisslərini idarə edə bilmir.

Məktəbdə münaqişə zamanı başqa şagirdlər müşahidəçilərdən iştirakçılara çevrilirlər. Münaqişə onlar üçün də tərbiyəvi əhəmiyyət kəsb edə bilər. Bunu müəllim mütləq yadda saxlamalıdır. Münaqişənin həlli zamanı səhv edən müəllim yeni münaqişələr yaradır və bura yeni şagirdlər cəlb edir.

Hələ konfliktologiya elmi yaranmamışdan əvvəl müdrik insanlar həyat təcrübəsi əsasında belə qənaətə gəlmişdilər ki, "Münaqişə edənlər arasında haqsız daha ağıllı olandır". Ağıllı insan həm öz mənafeyini, həm də işin mənafeyini münaqişə yaratmadan müdafiə etməyi bacarmalıdır. Bu mövqedən baxsaq, müəllim-şagird münaqişəsində də haqsız müəllimdir. Şagirdin həyat təcrübəsi, bilik səviyyəsi, ünsiyyət və əməkdaşlıq bacarıqları müəllimə nisbətən daha azdır. Müəllim münaqişədən yuxarıda durmağı və şagirdlərlə yaranan bütün təbii və qaçılmaz problemləri neqativ emosiyalarsız, hərdən yumor hissi ilə qarşılamağı bacarmalıdır".

Suallarımıza əsasən göndərilən cavaba görə, müəllim, valideyn və şagird məktəbin Nizamnaməsi ilə tanış olmalı və onu qəbul etməlidir: "Həmin Nizamnamə həm müəllim, həm valideyn, həm də şagirdlərin hüquq və vəzifələrini təsbit edir. Şagird cəzalandırıla bilər və islaholunmaz hərəkətlərinə görə cəzalandırılmalıdır. Lakin cəzalandırmanın sivil üsulları vardır. Sivil cəzalandırma üsulları uşaqda pozitiv davranış vərdişlərinin yaranmasına təkan verə bilər. İnsan ləyaqətini alçaldan fiziki və emosional zorakılıq isə yolverilməzdir.

Hazırda məktəb rəhbərləri üçün bu mövzuda seminarlar keçirilir, görüləcək işlərin təxmini alqoritmi tövsiyə edilir. Məktəb nizamnaməsinin müddəalarının rəhbər tutulması, müəllimlərin peşəkarlığının artırılması, məktəbdə psixoloji xidmətin işinin canlandırılması, emosional intellektin inkişaf etdirilməsinə diqqətin artırılması, valideynlər üçün maarifləndirmə kampaniyalarının təşkili və s. vacib işlərdir".

Bütün xəbərlər Facebook səhifəmizdə