Məleykə Abbaszadə: "Bu ildən ASAN könüllüləri imtahanlarda iştirak edəcək"
"Bir il ərzində Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən 600 min nəfər imtahandan keçirilib. Ümumilikdə 600 min nəfər buraxılış, qəbul, sınaq imtahanlarında iştirak edib". SİA-nın məlumatına görə, bunu TQDK sədri Məleykə Abbaszadə bu gün imtahan nəzarətçiləri ilə keçirdiyi görüşdə deyib.
TQDK sədri bildirib ki, TQDK-nın keçirdiyi imtahanların idarə olunmasında informasiya-kommunikasiya texnologiyalardan yüksək səviyyədə istifadə olunur ki, burada ictimaiyyətin nümayəndələri də iştirak edirlər: "Bu ildən etibarən ASAN könüllüləri bu prosesə cəlb olunacaq. ""ASAN könüllü"ləri treninqdən keçdikdən sonra müəllimlərə kömək edəcəklər. Bununla əlaqədar müqavilə imzalamağı düşünürük".
Məleykə Abbaszadə onu da əlavə edib ki, 600-dən yuxarı bal toplayanlara xüsusi anketlər təqdim olunur: "Onlar imtahanda nələrin baş verdiyini həmin anketdə qeyd edirlər".
Daha sonra görüşdə bildirilib ki, hazırda TQDK-nın 15 minə yaxın nəzarətçisi var: "Təsdiq edilmiş qrafikə uyğun olaraq seminar məşğələlər paytaxtda və regionlarda keçirilir. TQDK-nın 1000-ə yaxın imtahan rəhbəri var. Onlar nəzarətçilərin fəaliyyətini yaxından izləyirlər. İlin yekunlarına görə, 766 müəllim yaxşı fəaliyyət göstərib. Onlardan 25-i fəxri fərmanla təltif olunub. Yaxşı müəllimlərin sayına görə Gəncə şəhəri, Binəqədi rayonu fərqlənir".
Tədbirdə qeyd olunub ki, imtahanlarda köçürmə halları ildən-ilə azalır: "Əvvəllər köçürmə halları çox olurdu. Ötən il köçürmə halına görə 112 nəzarətçini bazadan müvəqqəti olaraq uzaqlaşdırmışıq".
Sonda imtahan prosesində fərqlənən bir qrup müəllimlər fəxri fərmanlarla təltif olunublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB