Deputat: "Dövlət büdcəsinin əsas hissəsinin elmə və təhsilə yönəlməsi vacibdir”

Deputat: "Dövlət büdcəsinin əsas hissəsinin elmə və təhsilə yönəlməsi vacibdir”

"Bütün elmi təşkilatlar mütləq şəkildə əlavə investisiyalara cəlb olunmalıdır. Bunun hansı şərtlərlə həyata keçirilməsi ilə bağlı "Elm haqqında" qanun layihəsinə yeni müddəalar əlavə olunub". SİA-nın məlumatına görə, bunu Milli Məclisin Elm və təhsil komitəsinin iclasında komitə sədri İsa Həbibbəyli deyib. O bildirib ki, ali təhsil müəssisələrinin mövcud reallıqlara uyğun tədqiqat universitetləri yaratmaq ideyası yaxşı fikirdir: "Bunun üçün lazım olan vəsait dövlət büdcəsinin vəziyyətindən asılı olmalıdır. Yəni, Prezident İlham Əliyev nə vaxt dövlət büdəsinin artırılması barədə qərar qəbul etsə, o zaman bu məsələ gündəmə gələcək. Hazırda bu məsələ günün reallığı olmasa da, düşünürəm ki, gələcəkdə bunu həyata keçirmək mümkün olacaq".

İ.Həbibəyli qeyd edib ki, qrantlar hesabına ölkəyə gətirilən zəruri avadanlıqlar üçün tutulan vergilərə ya güzəşt tətbiq olunmalı, ya da bütövlükdə vergidən azad edilməlidir.

Komitənin sədr müavini, deputat Bəxtiyar Əliyev deyib ki, XXI əsr bilik və informasiya əsridir: "Əgər biz bilikli gəncləri hazırlamasaq, o zaman ölkənin gələcəkdə neftdən asılılığı hər zaman qalacaq, həmçinin Azərbaycanın yüksək texnologiyalar cəmiyyətinə çevrilməsi böyük sual altında qalacaq. Ona görə də dövlət büdcəsinin əsas hissəsinin elmə və təhsilə yönəlməsi vacibdir".

Müzakirələrdən sonra "Elm haqqında" qanun layihəsi Milli Məclisin yaz sessiyasının gündəliyinə tövsiyə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə