Məktəblilər AMEA-nın faəliyyəti ilə tanış oldular FOTO

Məktəblilər AMEA-nın faəliyyəti ilə tanış oldular FOTO

Yanvarın 25-də Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə AMEA-nın fəaliyyətini əks etdirən sərgini məktəblilər ziyarət edib. AMEA-dan SİA-ya verilən xəbərə görə, Sabunçu rayonu Nardaran qəsəbəsi 295 nömrəli tam orta məktəbin 8-11-ci sinif şagirdlərindən ibarət 30-a yaxın məktəbli sərgi ilə tanış olub. Müxtəlif elm sahələri üzrə fəaliyyət göstərən institut və təşkilatların pavilyonlarında öz müəssisələri ilə bağlı məlumat verən təqdimatçılar əldə olunan mühüm elmi nəticələri məktəblilərin diqqətinə çatdırıblar. Şagirdlər də öz növbələrində, onları maraqlandıran mövzular ətrafında məlumatlar əldə ediblər.
AMEA-nın elmi müəssisələri, regional bölmə və elmi mərkəzlər, eləcə də Rəyasət Heyəti üçün ayrılmış guşələrdə təqdim edilən eksponatlar məktəblilərin marağına səbəb olub. Sərgi ilə bağlı xoş təəssüratlarını bölüşən şagirdlər ilk dəfədir ki, bu cür elmi sərgidə iştirak etdiklərini bildiriblər.
Sərgi zamanı şagirdlərə institut və təşkilatların fəaliyyətini əhatə edən bukletlər paylanılıb. Daha sonra şagirdlərin "TUSİ-BOHM Planetarium"a ekskursiyası təşkil olunub.
Sərginin sonunda Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov, sərginin rəhbəri, tarix üzrə fəlsəfə doktoru Nuridə Quliyeva və məktəbin müəllim-şagird heyəti xatirə şəkli çəkdiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə