Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Binəqədi rayonu üzrə imtahanlara zal nəzarətçisi kimi cəlb olunması nəzərdə tutulan müəllimlər üçün seminar-məşğələlər keçirib. TQDK-dan SİA-ya verilən xəbərə görə, bu qurumun mərkəzi aparatının və regional bölmələrinin əməkdaşları tərəfindən keçirilmiş seminarlara Binəqədi rayonunun 32 təhsil müəssisəsindən 478 nəzarətçi-müəllim cəlb edilib. "Nəzarətçilərin elektron qeydiyyatı sistemi"nə daxil edilmiş nəzarətçi-müəllimlərdən 30-u müxtəlif səbəblərdən seminarlarda iştirak edə bilməyib. Bu şəxslər qrafikə uyğun olaraq növbəti rayonlar üzrə keçiriləcək seminar-məşğələlərə dəvət olunublar.
İmtahan prosedurlarının daha səmərəli izahını təmin etmək üçün məşğələlər 25-30 nəfərlik qruplarla keçirilib.
Nəzarətçilərin imtahan prosesi ilə əyani surətdə tanış olmaları məqsədilə imtahan texnologiyası barədə film nümayiş etdirilib, imtahanın gedişi ilə bağlı prosedur qaydalar izah olunub, rast gəlinən hallar və onların həlli yolları sorğu-suallar vasitəsilə interaktiv təhlil edilib.
Seminar-məşğələlərdə iştirakçıların sualları cavablandırılıb, rayon üzrə zal nəzarətçiləri üçün keçirilən onlayn testin nəticələri müzakirə edilib, nəzarətçi-müəllimlərin şəxsi anket məlumatları dəqiqləşdirilib.
İştirakçılar (xüsusən ilk dəfə cəlb olunan, təcrübəsi az olan 111 nəzarətçi) TQDK tərəfindən aprel-may aylarında keçiriləcək sınaq imtahanlarına cəlb olunacaqlar. Bu da onların seminarlarda əldə etdikləri nəzəri biliklərin təcrübədə tətbiqinə kömək göstərəcək. Sınaq imtahanlarında nəzarətçi kimi özünü doğruldan müəllimlər test imtahanlarına cəlb olunacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB