Şagirdlər bilik və bacarıqlarını nümayiş etdirəcəklər

Şagirdlər bilik və bacarıqlarını nümayiş etdirəcəklər

Bu gündən Təhsil Nazirliyi tərəfindən ölkənin bütün şəhər və rayonlarında Respublika fənn olimpiadalarının birinci–rayon (şəhər) mərhələsi keçirilir. Təhsil Nazirliyindən SİA-ya verilən məlumata görə, 27500-dən çox şagirdin iştirak edəcəyi bu bilik yarışında məktəblilər 8 fənn üzrə öz bilik və bacarıqlarını nümayiş etdirəcəklər.

Respublika fənn olimpiadaları riyaziyyat, fizika, kimya, biologiya, informatika, tarix, Azərbaycan dili və ədəbiyyat və coğrafiya fənləri üzrə IX, X və XI sinif şagirdləri arasında keçirilir. Şagirdlərə təqdim olunacaq tapşırıqlar fənn kurikulumuna uyğun olaraq, qapalı test formatında hazırlanıb. 30-40 sualdan ibarət olan imtahanda şagirdlərə cavablandırma üçün maksimum 3 saat vaxt verilir.

Rayon (şəhər) mərhələsinin nəticələri yanvarın 27-dək Respublika təşkilat komitəsi tərəfindən elan ediləcək.

Rayon (şəhər) mərhələsinin nəticələrinə əsasən hər fəndən və hər sinifdən ən azı 60 faiz nəticə göstərən ən yaxşı 3 şagird respublika mərhələsinin yarımfinal turuna vəsiqə qazanacaq.

İnformatika fənni üzrə rayon (şəhər) mərhələsində iştirak etmək istəyən şagirdlər www.informatika.edu.az internet səhifəsində qeydiyyatdan keçərək "online" müsabiqədə iştirak edəcəklər. Rayon (şəhər) mərhələsinin informatika fənni üzrə tapşırıqları qeyd olunan saytda 17 yanvar 2016-cı il tarixində saat 10:00-dan etibarən nümayiş etdiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə