Təhsil Nazirliyi: "Həmin müəllim vəzifəsindən azad edilib" RƏSMİ AÇIQLAMA

Təhsil Nazirliyi: "Həmin müəllim vəzifəsindən azad edilib" RƏSMİ AÇIQLAMA

Sumqayıt şəhər 22 nömrəli tam orta məktəbin 8-ci sinfində baş vermiş hadisə ilə əlaqədar Təhsil Nazirliyinin mətbuat xidmətindən SİA-ya bildirilib ki, Təhsil Nazirliyinin Daxili nəzarət şöbəsi hazırda xidməti araşdırma aparır. Hadisə tam araşdırıldıqdan sonra hüquqi qiymət verilməsi üçün hüquq-mühafizə orqanlarına göndəriləcəkdir.

Nazirlikdən bildirilib ki, 22 nömrəli məktəbin tarix müəllimi İdris Hüseynov "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun və "Müəllimlərin etik davranış qaydaları"nın tələblərini kobud şəkildə pozaraq şagirdə qarşı fiziki güc tətbiq etmiş, onun şərəf və ləyaqətini alçaldan hərəkətə yol vermişdir. Bu səbəbdən Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən İdris Hüseynov Sumqayıt şəhər 22 nömrəli tam orta məktəbin müəllimi vəzifəsindən azad edilib. Təhsil Nazirliyi bu məsələ adekvat münasibətə görə ictimaiyyətə təşəkkürünü bildirir, ictimai nəzarətin vacibliyini bir daha vurğulayır.

Təhsil Nazirliyi bundan sonra da təhsil müəssisələrində şəffaflığıın təmin edilməsi, təhsilalanların hüquqlarının müdafiəsi və təhsil ocaqlarının hüquqi məkana çevrilməsi, müəllim-şagird münasibətlərinin qarşılıqlı əməkdaşlıq şəraitində qurulması istiqamətində səylərini davam etdirəcəkdir.

Təhsil Nazirliyi bildirir ki, gələcəkdə şagirdlərə qarşı belə antipedaqoji hərəkətlərə yol verilərsə, bu sahədə məsuliyyət daşıyan vəzifəli şəxslər barədə ən ciddi tədbirlər görüləcəkdir.

Bütün xəbərlər Facebook səhifəmizdə