ADU-da elmi-metodiki seminar keçirilib

ADU-da elmi-metodiki seminar keçirilib

Azərbaycan Dillər Universitetində (ADU) universitetin Çin dili və mədəniyyəti mərkəzinin təşkilatçılığı ilə "Şərq dillərinin tədrisində "Akademik oxu və yazı" fənninin tədris xüsusiyyətləri" mövzusunda elmi-metodiki seminar keçirildi. ADU-dan SİA-ya verilən məlumata görə, tədbirdə açılış nitqi ilə çıxış edən Çin dili və mədəniyyəti mərkəzinin müdiri, professor Rafiq Abbasov Çin elmi mətnləri ilə işləmək bacarıqlarının formalaşdırılmasının müasir üsulları haqqında danışdı və bu fənnin bakalavr ixtisasının tələbələri üçün Çin dilinin ilk milli tədris proqramına mühüm tərkib hissəsi kimi daxil edildiyini bildirdi. ADU-nun Magistratura və Doktorantura fakültəsinin dekanı Zarina Aslanova, Regionşünaslıq və Beynəlxalq Münasibətlər fakültəsinin dekanı, dosent Anar Nağıyev, mərkəz müdirləri və xarici dil müəllimləri "Akademik oxu və yazı" fənninin inkişafı və həyata keçirilməsində müəlliflərin yanaşmaları, akademik yazı və essenin qiymətləndirmə meyarlarının müasir konsepsiyaları, akademik yazı və oxu tədrisində innovativ formalar və metodlar, Şərq dillərində ünsiyyət qurmaq üçün tələbələrdə müstəqil şəkildə bilik əldə etmək qabiliyyətlərinin inkişaf etdirilməsi üzrə müasir təlim strategiyaları, eləcə də akademik mətnlər ilə işləmək üsulları və onların məqsədləri haqqında məlumat verdilər.

Seminarın sonunda Şərq dillərinin tədrisində innovativ metodların tətbiqi üzrə geniş fikir mübadiləsi aparıldı.

Bütün xəbərlər Facebook səhifəmizdə